25 fevral 2022 11:05
647

Cinayətkar erməni siyasətinin nəticəsi -  Xocali faciəsi

Xocalı soyqırımından 30 il ötür. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Xocalı bir əsrdə 3 dəfə (1905-1097, 1918-1920 və 1992-ci ildə) işğala və soyqırımına məruz qalışdır.  İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır. Ona görə də biz bu soyqırımı zamanı həlak olan uşaqların sayında rəsmi olaraq düzəliş etməliyik. Bu həm onların ruhuna hörmət əlamətidir, həm də tarixi faktın düzgün təqdim olunmasıdır.  Hamıya məlumdur ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada "Vyetnam sindromu", "əfqan sindromu" mövcuddur. Xocalıda törədilən genosid isə "Xocalı sindromu" yaradıb və bu uzun müddət yaddaşlardan silinməyəcək.

Xocalı soyqırımı  erməni  işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin  ən faciəli səhifəsidir.  Xocalı  XX əsrdə 3 dəfə erməni terroruna məruz qalmışdır. Bu cinayətləri etiraf və təsdiq edən  bir çox tədqiqatçı və tarixçilər, hətta erməni   müəlliflərinin özləri də  müxtəlif vaxtlarda azərbaycanlılara qarşı etdikləri cinayətləri  etiraf ediblər. Əsərlərini "A-Do” imzası ilə çap etdirən Hovannes Ter-Martirosyan 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin törətdikləri vəhşiliklər barədə kifayət qədər fakt yer almışdır. Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının analoqunu XX əsrin əvvəllərində – 1905-ci il avqustun 23-də də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin. Lakin  xocalılar erməni vəhşiliyinə baxmayaraq, yenidən Xocalıda yaşadı, həyatlarını davam etdirdilər.

1918-ci ildə öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri paşanın komandanlığında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı dəstələrinin tərksilah etdilər. 1920-ci ildə Qarabağda yenidən baş qaldıran erməni separatizmini general Həbib bəy Səlimovun komadanlığında Azərbaycan Ordusu darmadağın etdi və ermənilər təslim oldular. Bundan sonra xocalılılar doğma yer-yurdlarına qayıda bildilər.

Üçüncü dəfə isə 1992-ci ildə Xocalını qəddarcasına işğal etdilər. Bu tarixlərdən də görürük ki, ermənilərdə Azərbaycanfobiya hissi heç zaman dəyişməməşdir. Xocalının həm də strateji əhəmiyyəti var idi.  Çünki o zaman İrəvandan silah-sursatı yalnız Xocalı aeroportu vasitəsilə daşımaq mümkün idi. Zori Balayan, Sos Sarkisyan və Silva Kaputikyan cinayətkar ideoloqlar Xocalını məhv etmək üçün çıxışlar edir, cinayətlər törədirdilər. ABŞ tədqiqatçısı Tomas de Vaal həmin əsərində Xocalı soyqırımının təşkilatçılarından biri, əli Azərbaycan xalqının qanına bulaşmış Serjik Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə ondan aldığı müsahibədə söylədiyi fikirləri bir daha ermənilərin əsl simasını ortaya qoyur. Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu (stereotipi) qıra bildik. Bax, bu da baş verdi”.  Lakin, o böyük səhv etdi, Xocalı faciəsi xalqımızı sındırmadı. Bizi daha da gücləndirdi. Torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq arzusunu qıra bilmədi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə  erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi” ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. Qeyd etmək yerinə düşər ki, məhz Ümummilli İider Heydər Əliyevin xalqın  tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Onun  təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri və  günahkarları barəsində  məlumatlar  açıqlanmışdır. Eləcə də bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün önəmli tədbirlər görüldü. Bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də böyük iradə və əzm göstərərək  Prezident cənab İlham Əliyev,dövlət qurumları, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar  atılır.  Qeyd etmək lazımdır ki,  Milli Məclisin rəhbəriliyinin dəstəyi ilə  bütün parlamentlərarası dostluq qruplarına, o cümlədən, Azərbaycan – İsveçrə parlamentlərarası Dostluq qrupunun adından Xocalı soyqırımı, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət unvanlamışdır.

Xocalı soyqırımının beynəlxalq səviyyədə düzgün qiymətinin tapması üçün yalnız dövlət strukturları deyil, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu baxımdan  Heydər Əliyev Fondu, və onun prezidenti, Respublikanın 1-ci vitse- prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın fəaliyyəti  çox diqqətəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü "Xocalıya ədalət" beynəlxalq kampaniyası  başlanmışdır. 

Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. 2020-ci ilin iyul ayında erməni hərbi təxribatı, eləcə də Vətən Müharibəsi zamanı həm cənab Prezidentin xalqa müraciət və müxtəlif aparıcı ölkələrin medialarına verdiyi müsahibələr, Azərbaycanın uğurlu hərbi əməliyyatları, diplomatik fəaliyyəti, həm də Ermənistan tərəfindən  dinc əhaliyə qarşı terror aktlarının törədilməsi ilə bağlı müxtəlif informasiya mənbələrində, sosial mediada, virtual informasiya məkanında  aparılan informasiya mübarizəsi buna əyani sübutdur. Lakin, əlbəttə ki, bu işlərin daha da gücləndirilməsinə ehtiyac var və bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Eyni zamanda, müxtəlif ölkələrdə, Avropa, Amerikada yaşayan azərbaycanlıların  fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar  könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bunla bağlı layihələr həyata keçirirlər.  Biz bu  insanlara sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən  beynəlxalq  alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri,  ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət  səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Baxmayaraq ki, bu sahədə proses gedir, lakin istənilən nəticən hələ ki, əldə olunmayıb. Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində Beynəlxalq təşkilatlara və dünya ölkələrinə beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirməliyik. Və bu, hadisədən- hadisəyə deyil, davamlı və ardıcıl şəkildə aparılmalıdır.

Ermənistanın  təcavüzkar siyasəti bundan sonra da iflas edəcəkdir. Çünki  artıq  həm bölgədə, həm dünyada yeni reallıqlar yaranmışdır. Burada güclü və diktə edən tərəf  geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən – günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusudur. 44 günlük Vətən müharibəsində  bunun şahidi olduq.  Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun nümunələrini əks etdirən açıq muzeylər, abidələr, Xocalıda soyqırım hadisəsini ifadə edən xüsusi bir memorial abidə-kompleks yaradılmalıdır. 

Hazırda Xocalının 11 kəndi işğaldan azaddır, orada da quruculuq işləri gedir. Lakin biz inanırıq, tez bir zamanda, bütün Xocalı öz azadlığına qovuşacaqdır. Xocalılar öz doğma yurdlarına yenidən qayıdacaq və yaşayıb-yaradacaqdır! Bir daha Xocalı şəhidləri və bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm!

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor