25 fevral 2022 16:56
678

Xocalı həqiqətləri Çin dilində

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası haqqında danışıb. O, qanlı Xocalı hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin soyqırım  kimi tanınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Çində ADU-nun tələbələri dövlətimizi təmsil edərkən Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlər görürlər.

Tədbirdə çıxış edən ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Məmmədov Misgər bildirib ki, Xocalı soyqırımı  Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.  Xatırladıb ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 613 Xocalı sakini qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələrin Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olduğunuda  diqqətə  çatdırıb.

ADU-nun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əlioğlu diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir. O, Xocalı soyqırımı qətnamələrinin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarında qəbul olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib. Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd edərək, soyqırımının beynəlxalq miqyasda tanınması üçün gənclərimizin səfərbər olacağına inandıqlarını bildiriblər. Tələbələr Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd ediblər.

Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub.