25 fevral 2022 23:55
684

Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar

Azərbaycan tarixinin faciəli səhifələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İctimai Birliyinin tərəfdaşlığı ilə fevralın 24-də ADA universitetində “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, konfransın təşkilində əsas məqsəd Xocalı soyqırımı ilə bağlı həqiqətlərin, erməni təcavüzkarları tərəfindən törədilən zorakılıq və vəhşiliklər barədə xarici ölkə gənclərini məlumatlandırılması, faciə barədə faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təbliği, həmçinin Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsindən ibarət olub.

Soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi ilə başlayan konfransda NAYORA-nın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar hazırladığı videoçarx nümayiş olunub. NAYORA sədri Azər Əliyev çıxışı zamanı Xocalı soyqırımının  dünyaya  tanıdılması  istiqamətində  dövlətimiz tərəfindən  məqsədyönlü işlərin aparıldığını və bunun nəticəsində beynəlxalq ictimaiyyətin faciənin gerçək səbəbləri barədə daha geniş məlumatlandırıldığını bildirib, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”  beynəlxalq  kampaniyasının müstəsna xidmətlərini xüsusilə qeyd edib.     

Yüzdən çox gəncin iştirak etdiyi konfransın ikinci hissəsi panel müzakirələri ilə davam edib. Erasmus Tələbə Şəbəkəsi - Azərbaycanın prezidenti Ramiyyə Şahgəldiyevanın moderatorluğu ilə hibrid formatda baş tutan müzakirələrdə dövlət rəsmiləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv və tərəfdaş olan gənclər təşkilatlarının nümayəndələri, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan vasitəsilə ölkəmizdə təhsil alan əcnəbi tələbələr və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinə üzv ölkələrin gəncləri iştirak ediblər.

Konfransın sonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın aparıcı gənclər təşkilatları adından dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara bəyanat ünvanlanıb.

Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının ruhuna ehtiramını bildirmək, eyni zamanda Azərbaycan gəncliyinin birliyini, qətiyyətini nümayiş etdirmək məqsədi ilə NAYORA-ya üzv təşkilat nümayəndələrinin “Ana harayı” abidəsinə yürüşü baş tutacaq.