2022-ci il fevralın ayıın 24-də YAP Qazax rayon təşkilatının iclas zalında Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş "Qisas qiyamətə qalmadı!” mövzusunda anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, icra aparatının məsul işçiləri, YAP Qazax rayon təşkilatının Aparat işçiləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, Bağanıs Ayrım kənd ağsaqqalları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Tədbirin aparıcısı, YAP Qazax rayon təşkilatı aparatının məsul işçisi Polad Ağakişiyev tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb.
Sonra cənab Prezident İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncam oxunub.
Xocalı soyqırımına həsr olunmuş filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, müstəqil Azərbaycanımızın memarı olan Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Xocalı soyqırımı və Bağanıs Ayrım faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımı və Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən qətliam haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır. Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir. Xocalı soyqırımını və Bağanıs Ayrım qətliamını xalqımız heç zaman unutmayacaq.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.
Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulmuşdur. Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlar, faciələr, qətliamlar təkcə Xocalı soyqırımı ilə məhdudlaşmır. Eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel qətliamları da bu cür faciələrdəndir.
1990-cı ilin mart ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndi də terrorçu dəstələrinin hücumuna məruz qaldı. Kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər həyata keçirildi. Erməni silahlıları Sovet ordusunun hərbi texnikasından, müasir silahlarından istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etdi, nəticədə 10 nəfərə qədər dinc sakin xüsusi vəhşiliklərlə qətlə yetirildi, 15 nəfərdən çox insan yaralandı. 100-dən çox ev talan edilib yandırıldı. Kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvü xüsusi işgəncələrlə qətlə yetirildi. Qətlə yetirilən şəxslərin ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz adlı körpə olub. Əfsuslar olsun ki, nə dünya, nə də ki, ölkə ictimaiyyəti bu faciə ilə bağlı kifayət qədər məlumatlandırılmadı.
Lakin 2020-ci il Vətən müharibəsində müdrik Azərbaycan xalqı məhz, şəhidlərimizin canı bahasına, qazilərimizin şücayəti, qanı bahasına möhtərəm prezidentimiz, Ali Baş Komandanımız Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının xüsusi sərkərdəlik qabiliyyəti, dünyadakı hörməti, nüfuzu sayəsində, beynəlxalq aləmdə yeritdiyi balanslaşdırılmış siyasəti nəticəsində, dünyanın super dövlətlərini heyrətləndirən, təəccübləndirən taktikası, strategiyası sayəsində misilsiz bir uğura, “Zəfərə” nail oldu. Artıq dünyanın hər bir ərazisində cinsindən, yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı alnı açıq, üzü ağ, başı uca yaşayır. Artıq belə bir məfhum yaranmışdır , Qalib Lider, Qalib Ordu, Qalib Xalq ! Artıq müdrik xalqımızın təqvimini qara rəngli soyqırım, faciələr, qətliamlar, rayonlarımızın işğal olunması günləri deyil, qırmızı rəngli qələbə günləri, Zəfər günü, işğaldan azad olunma günləri bəzəyir. Qüdrətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci il Vətən müharibəsində 44 gün ərzində elə bir uğura imza atdı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad olundu, tarixi ədalət bərpa olundu. “Dəmir Yumruq” qalib gəldi.
Nəinki Xocalı faciəsinin qurbanlarının, eləcə də digər faciə və soyqırım qurbanlarının, həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında torpaqlarımızın işğaldan azad edilməsində canından keçmiş bütün qəhrəman oğul və qızlarımızın, bütün şəhidlərimizin qisası alındı, necə deyərlər “Qisas qiyamətə qalmadı!”. Mən inanıram ki, müdrik xalqımız Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın sədri İlham Əliyev cənablarının rəhbərliyi altında çox – çox uğurlara, qələbələrə imza atacaqdır. Əlbəttə ki, biz Yeni Azərbaycan Partiyasının üzvləri də bu nailiyyətlərin əldə olunmasında öz töhvəmizi verəcəyik.
Anım tədbirində Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Alıyev, Bağanıs Ayrım qətliamının canlı şahidi Qələndər Adıgözəlov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, partiya fəalı Tərlan Bədəlova çıxış ediblər. Sonda Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Dərnək üzvləri ədəbi kompozisiya nümayiş etdiriblər.