25 fevral 2022 18:26
491

MDU əməkdaşları Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetinin ( MDU) bir qrup əməkdaşı Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ailə üzvləri ilə görüşdə universitetin əməkdaşları ilə həmsöhbət olan Xocalı soyqırımının canlı şahidləri bəşər tarixində misli görünməmiş amansızlıqların baş verdiyi həmin qətliam gecəsindən, dinc, günahsız və əliyalın insanların başına gətirilən müsibətlərdən və qanlı cinayətlərdən danışıblar.

İlllər ötsə də insanlıq əleyhinə olan bu dəhşətli hadisələrin heç zaman unudulmayacağını və soyqırım qurbanlarının əziz xatirəsinin daim böyük rəhmət və ehtiramla yad ediləcəyini bildirən Xocalı sakinləri göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid və məcburi köçkün ailələrinin ziyarət edilməsi, müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.