Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tövsiyəsinə və Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının,hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar öncə Şirvan “Şəhidlər xiyabanı”nı ziyarət edib, şəhidlərin əziz xatirələrinə dərin ehtiramlarını bildirib, ruhlarına dualar ediblər, məktəblilərin Xocalı soyqırımının 30-cu il dönümünə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, sonra tədbir iştirakçıları “Şəhid Anası” memorial abidə kompleksi və “Xocalı soyqırımı” xatirə lövhəsi önünə gül-çiçək dəstələri qoyublar.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının, Şura üzvlərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə “Şəhid anası” memorial abidə kompleksinin önündə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Xocalı soyqırımının 30-cu ildönümünün Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr və soyqırımların real faktlar əsasında gənc nəslə, geniş ictimaiyyətə çatdırıldığını bildirib.
Ermənilərin havadarları tərəfindən himayəyə götürüldüyünü, tarixin müxtəlif məqamlarında Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiklərini, tarixi Azərbaycan torpaqları hesabına indiki Ermənistan adlanan əraziyə sahib olduqlarını, “Dənizdən-dənizə Böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmağa cəhd göstərdiklərini qeyd edib. Xocalı faciəsinin baş vermə səbəblərindən, xocalılara qarşı xüsusi qəddarlıqla törədilən soyqırımın nəticələrindən danışıb. Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını, “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymət alması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib.
İlqar Abbasov erməni işğalına və təcavüzünə qarşı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Müzəffər Ordumuza uğurlu rəhbərliyi sayəsində 30 ilə yaxın erməni işğalı altında olan tarixi torpaqlarımızın, 44 gün davam edən Vətən Müharibəsi nəticəsində azad edildiyindən, döyüşlərdə Şirvan şəhərindən olan 22 nəfər gəncin şəhidlik zirvəsinə yüksəldiyindən, onların ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə Millət vəkili İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Xocalı sakini Arif Əzizov çıxış edərək Xocalı soyqımının törədilməsinə rəvac verən amillərdən, xocalılara göstərilən dövlət dəstəyindən danışıblar. Tədbirdə 1 nömrəli tam orta məktəbin şagirdləri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Şirvan şəhərindən Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlarına görə təltif edilmiş şəhidlərin medallarını valideynlərinə təqdim edib. Şəhid atası Alim Zeynalov şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya Şəhid ailələri adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamı olduğu kimi Şəhid ailələri ilə görüşüb, onların qayğı və problemlərini dinləyib, həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verib.