25 fevral 2022 21:36
639

Xocalı soyqırımına həsr olunmuş onlayn tədbir

25 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən institutun baş direktoru filologiya elmləri doktoru,  professor Nadir Məmmədli Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq amansızcasına qətlə yetirilib.

Professor bildirib ki,  yanvarın 28-də Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncam imzalayıb. Fevralın 26-da hər il olduğu kimi, faciənin ildönümü ilə əlaqədar izdihamlı yürüş təşkil olunacaq

Nadir Məmmədli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun gücü, qüdrəti nəticəsində Vətən müharibəsində Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyini, mərdliyini, qəhrəmanlığını dünyaya göstərdi.

İclasda  institutun icraçı direktoru dosent Baba Məhərrəmli,şöbə müdirləri  professorlar İsmayıl Kazımov, İsmayıl Məmmədli, Sayalı Sadıqova, dosentlər Şəbnəm Həsənli Qəribova, Qətibə Quliyeva Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının və hüquqi-siyasi qiymətinin almasının əhəmiyyətini vurğulayıblar.  Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.