25 fevral 2022 18:52
604

Pakistan “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünə dəstək verdi

Bu gün Pakistanın İslamabad şəhərində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyi, eləcə də Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

İlk olaraq İslamabad şəhərinin mərkəzində yerləşən meydanların birində qrafik üsulla divarlara çəkilmiş Xocalı faciəsini özündə əks etdirən rəsm və foto sərgisi baş tutub.

Daha sonra, Qızlar üçün Dövlət Politexnik Universitetinin binasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı geniş tədbir keçirilib. Quran ayələri və Azərbaycan və Pakistanın milli himnlərinin səsləndirilməsi ilə başlanan seminarda Pakistanın Tədqiqat, İnkişaf və Planlaşdırma Komitəsinin sədri Şakil Əhməd, Qızlar üçün Dövlət Politexnik Universitetinin direktoru Şabana Arif, Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun icraçı direktoru Qayser Navab çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi dəyərləndirilib, Ermənistan hökumətinin Xocalı faciəsini tanıması ilə bağlı Srebrenisa Anım Muzeyi Kompleksinin direktor müavini Amra Beqiç tərəfindən irəliyə sürülən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin beynəlxalq kampaniyaya çevirdiyi “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsündən, pakistanlıların bu təşəbbüsə qoşulmasının vacibliyindən, eləcə də Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibədən sonra regionda sülhün bərqərar olunması üçün şəraitin yaranmasından bəhs edilib. Tədbir iştirakçıları onlayn “Xocalı:Barışıq üçün etiraf et” kampaniyasına da qoşulublar.

Növbəti tədbir olaraq pakistanlı gənc fəallar tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsi üçün parkların birində ağacəkmə aksiyası keçirilib.