25 fevral 2022 20:29
704

Gənc alimlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

Fevralın 25-də AMEA Gənc Alim Və Mütəxəssislər Şurası və YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, “Zoom” platforması üzərindən təşkil olunmuş tədbir faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Əvvəlcə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov çıxış edərək  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib. Bildirib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib və Ulu Öndərin sayəsində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi təsbit olunub.

Sonra çıxış edən YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verib, faciədən 30 il ötməsinə baxmayaraq bu günün millətin yaddaşında sağalmayan yara olduğunu  söyləyib. Hüseyn Hüseynov gəncləri bu faciələri unutmamağa və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini artırmağa çağırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək Xocalı faciəsinin acı nəticələrindən, ermənilərin tarix böyü azərbaycanlılara qarşı yeritdikləri soyqırımı siyasətindən danışıb. Bildirib ki, bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verildiyini bildirən Şura sədri qeyd etdi ki, bütün bunlar gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər.

Şura sədri çıxışının sonunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını deyib.

Sonra Xocalı soyqırımının şahidləri, doğmalarını itirmiş Xocalı sakinləri Elmira Kərimova və Fizuli Mehbalıyev 30 il öncə baş vermiş qırğının dəhşətlərindən, məruz qaldıqları qeyri-insani rəftarlardan danışıblar. Çıxış edənlər azğınlaşmış erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliamı doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyəti güddüyünü, lakin düşmənin buna nail ola bilmədiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanın möhtəşəm Qələbəsi ilə yekunlaşan Zəfər savaşı qırılmayan əzmin nümayişi idi. Xocalı sakinləri bu cinayəti törədənlərin öz cəzalarını  alacaqlarına inamlarını ifadə ediblər.

Daha sonra Polimer Materiallari İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri Günel Qurbanlı “30 illik Xocalı”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri,  tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev “Xocalı soyqırımı: cinayətlərə arxeoloji və antropoloji baxış” və AMEA Gəncə Bölməsinin Gənc Alim Və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Həsənov “Xocalı soyqırımının tanıdılmasında Azərbaycan gəncliyinin rolu” mövzularında məruzələrlə çıxış ediblər.