25 fevral 2022 20:58
524

Erməni vandalizminin Xocalı izləri

1992-ci il fevralın 25-dən 26-na keçən geçə  erməni faşistlərin Xocalı şəhərində törətdiyi qanlı faciə heç vaxt yaddaşlardan silinməz. Bu dəhşətli soyqırımın 30-cu ildönümü ilə bağlı respublikada təşkil oluna tədbirlər çoxdur.  Belə tədbirlərdən biri də YAP Lənkəran rayon təşkilatı ilə birgə LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə  baş tutdu.

“Erməni vandalizminin Xocalı izləri” adlı tədbir iştirakçıları ilk öncə Kollecin foyesində “Təsviri incəsənət müəllimliyi” ixtisasının tələbələrinin əl işlərdən ibarət foto stendə və sərgiyə baxış keçirdilər. Sonra  Kollecin akt zalına toplaşan tədbir iştirakçıları Xocalı soyqırımı   və Qarabağ uğrunda  Vətən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri Kollecin  direktor Ruslan Həmidov açdı və dedi: ” Bu soyqırımın 30-cu ildönümü  münasibətilə Kollecdə geniş  tədbirlər planı hazırlanıb.  Belə ki, Kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stend  açılmış, kitabxanada xüsusi guşə yaradılıb. Həm də Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqırımına həsr edilmiş xüsusi nömrələr buraxılıbdır . 25 fevral tarixində keçirilən ilk dərslər Xocalı soyqırımına  həsr olundu. Sabah, yəni 26 fevral 2022-ci il tarixində Lənkəran şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi Kollecin əməkdaşları tərəfindən ziyarət olunacaq.

Xocalı soyqırımı nəticəsində 63–ü uşaq, 106–sı qadın, 70–i qoca  olmaqla  613 nəfər Xocalı sakini qətlə yetirilmiş , 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 əsir, 150 nəfər itkin düşmüşdür.  Bu Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.”

Kollecin “Aqrar və texnoloji” şöbə müdiri Dəyanət Əsgərova öz çıxışında  bildirdi ki, Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli  faciədir. Bu sıraya Xatın, Xirosima və s. daxildir.    Sözün qısası  bu faciə iyirminci  əsrin sonunda  insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətdir.

“Xocalı həqiqətlərinin dünyaya çatdırması üçün gənclərin üzərinə mühüm vəzifələr düşür. Bu vətənpərvər gənclərdən çox asılıdır. Faciənin xalqımıza qarşı soyqırımı aktı kimi dünyada tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır”,- Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbəsi, TGT sədri Elnarə Miriyeva  isə çıxışını  bu fikirlərlə tamamladı.

Kollecin tələbələri Fidan Dadaşzadə və Səbinə Qafarlı “Xocalı ay Xocalı” adlı şeri  söylədilər.  Kollecin III kurs tələbəsi, TGT üzvü Ləman Quliyevanın hazırladığı “Xocalı soyqırımı-30” hadisələrə həsr olunmuş video çarxın nümayiş ilə tədbir başa çatdı.

Zəfər Orucoğlu,
Azərbaycan  Jurnalistlər Birliyinin üzvü