26 fevral 2022 08:53
642

İndoneziyanın gənclər təşkilatları Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı birgə bəyanat yayıb

İndoneziya Milli Gənclər Şurası və İndoneziya Gənclər İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı birgə bəyanat yayıb.

"İki sahil" xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti və 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı kəskin pislənir, bu faciəni törədənlərin beynəlxalq tribunala cəlb edilməsi tələb olunur. Qeyd edilir ki, bu hadisə, son onilliklərdə Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı təcavüzkarlığının nəticəsində baş vermiş faciədir.

Bildirilir ki, Xocalı soyqırımı olaraq tanınan bu qanlı faciə minlərlə azərbaycanlının əsir götürülməsi və şəhərin yerlə-yeksan olunması ilə nəticələnib.

Xocalı soyqırımı nəticəsində 5 mindən çox insanın didərgin düşməsi, 1275 nəfərin girov götürülməsi və işgəncələrə məruz qalması, 613 nəfərin isə vəhşicəsinə qətlə yetirildiyi xatırladılır.

Vurğulanır ki, 613 günahsız insanın vəhşicəsinə həyatına son verildiyi Xocalı soyqırımının günahkarları hələ də cəzalandırılmayıb. Ermənistan müasir tariximizin bu dəhşətli cinayətinə görə rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Xocalı qurbanları hələ də ədalətin zəfər çalacağı günü gözləyirlər.

Qeyd edilir ki, 2020-ci ilin payızında baş verən II Qarabağ Müharibəsi daha dinc gələcək üçün növbəti nəsillərə ümid verib.

Bəyanatı imzalayanlar vətəndaş cəmiyyətinin bir hissəsi kimi, indoneziyalı gənc həmkarlarını qardaş Azərbaycan xalqına həmrəylik göstərməyə, ədaləti müdafiə etməyə çağırır, indiki Ermənistan hökumətindən sülh danışıqları üçün hadisənin tanımasını tələb edirlər.