26 fevral 2022 12:19
747

Xocalı faciəsinin qurbanları Astara rayonunda anılıblar

Astara rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 

“İki sahil” xəbər verir ki, 26 fevral 2022-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər. 

Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən foto-sərgi və kompozisiya nümayiş etdirilmişdir.

Xocalı faciəsi barədə iştirakçılara məlumat verilərək qeyd edilmişdir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi  bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.

30 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum edildiyi və dəhşətli terror aktı törətdiyi qeyd edilərək cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyi, əhalisinin dəhşətli soyqırımına məruz qaldığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirmişdir. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.  

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində işğal altında olan torpaqlarının azad olunduğu qeyd olunmuşdur.

Bildirilmişdir ki, 30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Nəhayət ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. 

Qəhrəman Azərbaycan əsgər və zabitləri qaniçən erməni quldurlarının uzun illər ərzində qurduğu müdafiə sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına azad etdilər. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı faciəsi qurbanları və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı.

Vurğulanmışdır ki, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin və Qəhrəman oğullarımızın sayəsində düşmənin işğalına son qoymaqla, Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və yaşayacaqdır.