Bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından otuz il ötür. Erməni faşizminin iç üzünü bir daha dünyaya açıb göstərən bu qanlı hadisə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir.
Düz otuz il əvvəl, 1992-ci ilin fevral ayında soyuq qış gecəsində erməni cəlladları Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirməklə insanlıq tarixinə qara ləkələr vurdular.
Vəhşi və vandal xislətli düşmən qətliamı törətməklə Azərbaycan insanını qoxutmaq və onun mübarizlik əzmini qırmaq istəsə də, öz mənfur niyyətlərinə nail ola bilmədi. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər düşmənə ən kəsərli cavab oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz döyüş meydanında sarsıdıcı zərbələrlə düşmənin belini qırdı, onu əzəli torpaqlarımızdan qovub çıxardı və tarixi ədaləti bərpa etdi. Artıq doğma Qarabağımız azaddır və günü-gündən dirçəlir. Əminəm ki, bu gün bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının ruhu şaddır.
Eyni zamanda, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur”.
Bununla yanaşı, faciəyə beynəlxalq miqyasda obyektiv hüquqi-siyasi qiymətin verilməsi və günahkarların layiqincə cəzalandırılması insanlıq əleyhinə olan belə amansız qətliam aktlarının gələcəkdə təkrarlanmaması üçün vacib şərtdir. Bu məqsədlə, dövlətimiz tərəfindən, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən sistemli tədbirlərin nəticəsidir ki, bir çox ölkələrdə Xocalı faciəsi soyqırım və qətliam aktı kimi təsdiq olunub.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, hazırda ölkəmizdə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan çoxlsaylı tədbirlər həyata keçirilir. Bu tədbirlərə ali təhsil müəssisəsi olaraq töhfə vermək məqsədilə, Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə ötürülməsi, eləcə də ölkə daxilində və onun hüdudlarından kənarda daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi əsas vəzifələrimizdən hesab olunur.
Nə qədər illər keçsə də, Xocalı faciəsini heç zaman unutmayacağıq. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümündə dərin hüznlə və böyük ehtiramla yad edərək Uca Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Şahin Bayramov,
Mingəçevir Dövlət Universitetinin rektoru