26 fevral 2022 11:58
1508

Xocalının qisası alındı

MÜSTƏQİLLİYİN ÖVLADLARI DÜŞMƏNİN CAVABINI DÖYÜŞ MEYDANINDA VERDİ

30 ildir hər dəfə Xocalı deyəndə sarsılmışıq, o dəhşətli həqiqəti unutmamışıq. 30 ildir o dinc, gözəl şəhərimizə amansız soyqırımı gətirənləri lənətləmişik. Özü də təkcə biz yox, dünya lənətləyib. XX əsrin ən dəhşətli qırğınlarından biri, erməni millətçiliyinin tarixdən silinməyən qara ləkəsidir Xocalı soyqırımı. Qapqara gecənin içində havadarlarına güvənib yarıyuxulu şəhəri oda qalayan, qırdıqlarını qıran, qırmadıqlarını əsir götürən, insan ağlına sığmayan vəhşiliklər törədən erməni faşistləri tarix boyu bu murdar əməllərinə görə başıaşağı olacaqlar. Azərbaycanın isə başı ucadır, çünki Xocalının qisasını qiyamətə saxlamadı.

Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilmədi. Ulu öndərin ideyaları Prezident İlham Əliyevin qətiyyəti ilə birləşib işğala son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu parlaq Qələbəsi ilə xocalıların ürəyinə saplanan tikanı çıxartdı. Azərbaycan əsgəri günahsız xocalıların qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.”

Dövlətimizin rəhbəri Vətən Müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərdi. Bəzi ölkələr, beynəlxalq təşkilatlar, siyasi dairələr “Münaqişənin hərbi həlli yoxdur” deyə and-aman edirdilər. Lakin Prezident İlham Əliyev qətiyyəti, prinsipiallığı, dəmir iradəsi və “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə, ölkəmiz BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı məlum dörd qətnaməsini təkbaşına icra etdi. Münaqişə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı, Ermənistan təslim oldu. Həmin bəyanatla Azərbaycanın işğalda olan digər əraziləri də azad edildi. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixin arxivində qaldı.

Bizi Xocalı soyqırımından 30 illik zaman ayırır. Xalqımız erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda törətdiyi bu faciəni heç vaxt unutmadı və unutmayacaq. Xocalı Ermənistanın ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıb. Xocalı soyqırımı isə həmin etnik təmizləmə, soyqırımı siyasətinin ən qanlı səhifəsi oldu. Bu soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

Erməni faşistləri aylarla mühasirədə saxladıqları Xocalını bir gecənin içində yerlə-yeksan etdi. Əhaliyə divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü. 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü.

Ermənilər Xocalıya qədər Dağlıq Qarabağda azərbaycanlıların kütləvi  məhvinə başlamışdılar. Fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərindəki qırğınlar bu faktı təsdiqləyir. Təkcə Malıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralandı və əsir götürüldü. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Qaradağlı soyqırımı törədildi. Kəndin hər 10 sakinindən biri şəhid oldu. 104 nəfər və xüsusi müdafiə dəstəsinin 15 üzvü əsir götürüldü. Onlardan 80 nəfəri qətlə yetirildi. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə oradakı amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər.

7 min əhalisi olan Xocalı isə Şuşadan sonra Dağlıq Qarabağda ən böyük yaşayış məskəni idi. Yerləşdiyi ərazi, infrastrukturu və iqtisadi əhəmiyyətinə görə strateji məkan olan və buna görə də ermənilərin diqqətini cəlb edən Xocalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan düşmənin əsas hədəflərdən birinə çevrilmişdi. Qarabağdakı yeganə aeroport Xocalıda yerləşirdi, təkcə bu fakt Xocalının ermənilər üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. Erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, buradan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi. Ermənilər Xocalı soyqırımı ilə xalqımızın gözünü qorxutmaq, onun mübarizə ruhunu sarsıtmaq istəyirdilər.

Xocalı 1991-cı ilin oktyabrından mühasirədə idi. Şəhərə aparan bütün avtomobil yolları bağlanmışdı, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi verilmirdi. Xocalılar öz fədakarlıqları və şəhər müdafiəçilərinin qəhrəmanlığı sayəsində yaşayırdılar. Şəhər çox az sayda avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun kiçik heyətli döyüşçüləri tərəfindən müdafiə olunurdu. Şəhərə amansız hücuma hazırlıq fevralın 25-də axşam sovet ordusunun 366-cı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başladı. Xocalıya hücum tanklardan və zenit toplardan açılan 2 saatlıq atəşdən sonra həyata keçirildi. Şəhərə 5 istiqamətdən hücum edildiyinə görə əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalmışdı. Amma tezliklə aydın oldu ki, bu, məkrli hiylə imiş. Erməni silahlı dəstələri Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısını kəsdi və onları gülləbaran etdi. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu, məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirildi.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların havadarlarının hərəkətləri insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmadığını göstərir. Bunu Rusiyanın “Memorial” hüquq müdafiə mərkəzinin soyqırımından dərhal sonra yaydığı hesabat da təsdiqləyir. Hesabatda hücumun iştirakçıları, soyqırımının gedişi, şəhərdə qalmış əhalinin müqəddəratı, əsir düşənlərin və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti, Xocalı sakinlərinin əmlakı və digər mühüm məsələlər barədə məlumatlar əksini tapıb.

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq və normalar da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.

Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ulu öndər Heydər Əliyev verdi, onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti fərman imzaladı.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin prioritetləri sırasında oldu. Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kampaniyasının fəaliyyəti nəticəsində dünyanın 17 ölkəsi, Amerikanın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilərin törətdiyi cinayətləri soyqırımı kimi tanıdı. Amma biz son 30 ildə Azərbaycanın haqlı davasına tətbiq edilən ikili standartları da müşahidə etdik. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. “Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi” deyən dövlət başçısı bununla Azərbaycanın haqlı davasına kən baxanları qınadı, onların beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini dilə gətirdi. İndi Rusiya-Ukrayna gərginliyi fonunda Qərbin Ukraynaya göstərdiyi dəstək Azərbaycana qarşı yürüdülən ikili standarlara qarşı çıxan Prezident İlham əliyevin nə qədər haqlı olduğunu bir daha sübut edir. Baxmayaraq ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü pozuldu, torpaqlarımız işğal altında qaldı, 1 milyon insan yurd-yuvasından qovuldu, ancaq nə ölkəmizin, nə də insanlarımızın problemləri heç kimi maraqlandırmadı, Xocalı soyqırımını törədən Ermənistana sanksiyalar tətbiq olunmadı. Ancaq məsələnin təhlükəli tərəfi bu ədalətsiz yanaşmanın getdikcə beynəlxalq normaya çevrilməsidir. Buna baxmayaraq, Azərbaycan problemini özü həll etdi, xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi hədəflərinə qovuşdu.

Bir sözlə, Ermənistan 30 il əvvəl törətdiyi bu cinayətə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcəyini, bütün əzmini bir daha bu cür dəhşətli soyqırımlarının təkrarlanmamasına yönəldən Azərbaycan dövləti və xalqı qarşısında cavab verəcəyini unutmamalıdır. Biz öz faciəmizi unutmadıq. 30 il keçsə belə unutmadıq. Elə ona görə də bir vaxtlar soyqırıma uğrayan kişilərin övladları 30 ildən sonra öz atalarının qisasını alaraq şanlı tarixə imza atdılar. Vətən aşiqləri Qarabağa əbədi yolumuzu açdılar. Bu, Azərbaycan dövlətinin zəfəridir, bu, Azərbaycan xalqının qələbəsidir! Bu, Vətən, torpaq sevgisidir və bundan sonra bizi heç kim təhdid edə bilməz. Çünki “Dəmir yumruq” yerindədir...

Arif Alışanov