Respublikamızın hər yerində olduğu kimi, Lənkəran Dövlət Universitetində də erməni vandalların Azərbaycanın əzəli ulu yurd yeri Xocalıda törətdiyi soyqırımının 30-cu ildönümü ilə əlaqədar müxtəlif tədbirlər təşkil edilib. Belə ki, virtual kitab, foto sərgisi və rəsm müsabiqəsi keçirildi, bütün fakültələrdə ilk dərslər bu faciəyə həsr olundu. Ali təhsil müəssisəsində təşkil edilən onlayn konfrans da Xocalı soyqırımı ilə bağlı idi. Konfrans faciəsinin günahsız qurbanlarının və Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı.
Universitetin rektoru, professor Natiq İbrahimov faciənin ətraflı təhlilini verdi: “Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer alıbdır. Faciə əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyin daha bir dəhşətli təzahürdür. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsi Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası oldu.
Qanlı soyqırımına ilk dəfə hüquqi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verildi. Dahi rəhbərin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin yetərincə məlumat alması məqsədilə xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olunub, erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq saldı.”
Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudovun “Xocalı faciəsi Azərbaycan tarixinin qan yaddaşıdır” mövzusunda məruzəsi dinlənildi . Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər, eləcə onun ağrılı nəticələri, ibrət dərsləri haqqında genış söz açıldı və dəhşətli rəqəmlər bir daha dilə gətirildi :” 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb , 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gərgin əməyi sayəsində 2008-ci ildən Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanımasında çox mühüm rol oynayır. Və bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilibdir.”
Daha sonra “Tarix və onun tədrisi” kafedrasının müəllimi Aslan İbrahimov söz alıb çıxışında vurğuladı ki , Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, qanlı faciəyə beynəlxalq hüquq normalarına uyğun olaraq qiymət verilir.
26 fevral Xocalı soyqırımının dəhşətlərini özündə yaşadan sərginin onlayn nümayişi oldu və bu dəhşətlərini əks etdirən video-rolikin nümayişi ilə konfrans başa çatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü