26 fevral 2022 15:46
662

Region gəncləri Xocalı soyqırımı qurbanlarını anıblar

Xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür. Bu gün Azərbaycan gəncləri həm hüzn, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən doğan fəxarət hissi ilə Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini yad ediblər.

“İki sahil” xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən  nümayəndəliyi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.

Tədbirlər gənclərin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini yad ediblər.

Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdikləri görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, bu kimi dəhşətli hadisələrin bir daha yaşanmaması üçün gənclərin üzərinə xüsusi vəzifənin düşdüyü ifadə edilib.

Gənclər arasında Xocalı faciəsini əks etdirən rəsm, inşa və bədii qiraət müsabiqəsi, sərgi təşkil olunub, “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”,  “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar” filmlərinin nümayişi keçirilib, Xocalı soyqırımı haqqında məlumatlandırıcı videoçarxın təqdimatı, fləşmoblar, teatr tamaşasının nümayişi baş tutub, müxtəlif ictimai yerlərdə gənclər şəkil və həştəqlərin əks olunduğu plakatlar nümayiş etdiriblər.

Təşkil olunan tədbirlər bəzi regionlarda Xocalı abidəsi qarşısında Xocalı qurbanlarının xatirəsinə havaya dilək şarlarının uçurulması ilə sona çatıb.

Qeyd olunan tədbirlər çərçivəsində gənclərə ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmasına dünya ictimaiyyətinin lazımi reaksiya verməməsinin utancverici olduğu bildirilib.

Region gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı sosial media kampaniyasında da aktiv iştirakları ilə beynəlxalq ictimaiyyətin soyqırımı ilə bağlı məlumatlandırılması işinə töhfə veriblər.