26 fevral 2022 17:16
542

Rusiyanın KİV-i Xocalı soyqırımı ilə bağlı məqalə dərc edib

Rusiyanın “Tayga.info” nəşri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə dərc edib.

“İki sahil” xəbər verir ki, yazıda Xocalı faciəsinin Azərbaycan xalqının tarixinin ən qanlı səhifələrindən biri olduğu qeyd olunub.

Bildirilib ki, həmin qırğınlarda erməni silahlı birləşmələri ilə yanaşı, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı da iştirak edib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin o zaman Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin iştirakı ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini ələ keçiriblər. Hücum zamanı 600-dən çox sakin həlak olub və 30 il keçməsinə baxmayaraq, günahkarlar cəzalandırılmayıb”.

Nəşr vurğulayıb ki, Xocalıda baş verən hadisələr Birinci Qarabağ müharibəsinin ən qanlı və qəddar epizodlarından biridir. Daha sonra soyqırımında öldürülənlərin sayı barədə məlumat verən “Tayga.info” bir sıra araşdırmaçıların, politoloqların hadisə ilə bağlı rəylərinə müraciət edib.

Bundan başqa, məqalədə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması yolunda Azərbaycanın müxtəlif platformalarda apardığı mübarizənin xronikası öz əksini tapıb.

“ABŞ-ın Şimali Karolina ştatının Fayetevil, Durem və Apeks şəhərlərinin merləri fevralın 26-nı Xocalı faciəsi qurbanlarının xatirəsini anma günü elan ediblər. Bununla əlaqədar “Qarabağ və Xocalı soyqırımı” adlı konfrans keçiriləcək. Böyük Britaniya parlamentinin üzvləri də Azərbaycan xalqına başsağlığı veriblər. Bir ay əvvəl Azərbaycan BMT-də Xocalı soyqırımını törədənlərin cəzasız qalması məsələsini qaldırıb və Xarici İşlər Nazirliyi rəsmi İrəvanı cinayətlərinin gələcəkdə təkrarlanmaması üçün etiraf etməyə çağırıb”, - yazıda qeyd olunub.