Rusiyanın “Novıye İzvestiya” nəşri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edib.
“İki sahil” xəbər verir ki, “Xocalıda qətliam - faciə qurbanları araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını 30 ildir gözləyir”, - sərlövhəli məqalədə “qanlı” XX əsrdə çox sayda kədərli səhifələrin - iki dünya müharibəsi, yüzlərlə lokal münaqişələr, Holokost, Qolodomor, inqilablar və s. olduğu, ancaq 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin insanlığa qarşı cinayətlər siyahısında xüsusi yer tutduğu bildirilib.
Fevralın 25-dən 26-na keçən dəhşətli gecədə 613 dinc sakinin, o cümlədən yüzdən çox qadının, 63 uşağın, 70 qocanın öldürüldüyünü vurğulayan müəllif professor, “Qarabağ gündəliyi” və “Qarabağın qanlı hovuzu” kitablarının müəllifi Yuri Pompeyevdən sitat gətirib: “Bu, qırğın idi. Silahsız, dinc, çoxunun da qucağında uşağı olan insanlar öldürülüb”.
Eyni zamanda müxbir Tomas Qoltsun xəstəxanada gördüklərini necə təsvir etməsi qeyd olunub: “Xəstəxanada qadın və uşaqların güllələnərək öldürüldüyünün şahidi olduq. Eyni zamanda onların bədənlərində çoxsaylı bıçaq yaraları var idi”.
Vurğulanıb ki, faciədən 30 il keçsə də, heç kim əsassız qətliamın səbəblərinə aydınlıq gətirə bilmir.