Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində fevralın 26-da Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib.
"İki sahil" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc də onlayn şəkildə tədbirə qoşulub.
Anım mərasiminin iştirakçıları dünya şöhrətli fotojurnalist Reza Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, faciənin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.
R.Deqati iştirakçılara fotolar barədə məlumat verib, gənclərin suallarını cavablandırıb. Həmçinin digər yerli və xarici fotoqrafların çəkdikləri, Xocalı soyqırımını əks etdirən fotolar da nümayiş olunub.
“Xocalıya ədalət!” kampaniyasının xüsusi stendində kampaniya tərəfindən soyqırımı həqiqətləri ilə bağlı nəşr edilən çoxsaylı kitab, buklet və broşürlər, maarifləndirici təbliğat materialları, həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat materialları nümayiş etdirilib.