26 fevral 2022 18:28
544

Almaniya hökuməti Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırılıb

Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə Almaniya Federativ Respublikasının hökumət nümayəndələrinə və Bundestaq üzvlərinə rəsmi müraciətlər ünvanlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, müraciət Alyansın və Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə həyata keçirilib.

Təşkilat sədri bildirib ki, müraciət bir sıra tanınmış icma üzvləri və elm adamlarının şəxsi imzası ilə ünvanlanıb.

Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyi və azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.

Nəzərə çatdırılıb ki, dəhşətli qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs insanlığa sığmayan vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

N.Abdullayev əlavə edib ki, həmçinin müraciətdə hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığı da qeyd edilib və Almaniyanın hökumət nümayəndələri və Bundestaq üzvləri Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırılıb.

Bildirilib ki, bu, nəinki Azərbaycan, eləcə də dünyada bu günlərdə ehtiyac duyulduğu bir daha görünən ədalətli bəşəriyyətin qurulması istiqamətində atılacaq ən önəmli addımlardan biridir.