26 fevral 2022 19:22
618

Xocalı soyqırımı qurbanları Strasburqda anılıb

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart ” konsert salonunda 2022-ci il fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporu təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli də iştirak edib.

Mərasimin açılış qeydlərində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini və 30 il əvvəl bu qanlı cinayəti törədənlərin hələ də ədalət mühakiməsinə cəlb olunmadığını xatırladıb. F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Daimi nümayəndənin müraciətinin ardınca Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə əsas natiq qismində çıxış edən Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan xalqının 1992-ci ildə üzləşdiyi Xocalı soyqırımı kimi ağır faciənin anım mərasiminə qatılmış ölkəmizin Fransalı dostlarına öz təşəkkürünü ifadə edib, bu qanlı qətliam barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında o cümlədən Fransadakı dostlarımızın xidmətlərini qeyd edib və Xocalı qurbanlarına ədalətin tələb edilməsi yolunda mütəşəkkil fəaliyyətlərin vacibliyini vurğulayıb. Ə.Hüseynli həmçinin Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edildiyini xatırladıb və ötən dövrdə Fransalı deputat həmkarlarının törədilmiş dağıntılarla yerində tanış olmaq imkanı qazanması barədə məlumat verib. O, çıxışını Prezident İlham Əliyevin “Biz Xocalı soyqırımını heç zaman unutmayacağıq” fikirləri ilə tamamlamışdır.

Nəhayət, məhz Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” əsərinin bəstəkarı Pyer Tiloy çıxış edərək, uzun illər boyu ölkəmiz və Azərbaycandakı dostları ilə dərinləşən münasibətlər fonunda onların sevinci ilə yanaşı qüssələrini bölüşməyə başladığını bildirib. Məhz Xocalı yaraları və acılarını musiqi vasitəsilə Fransa ictimaiyyəti və beynəlxalq aləmə çatdırmaq üçün “Xocalı 613” əsərini bəstələdiyini və onu özünün ən mühüm əsəri hesab etdiyini açıqlayıb.

Çıxışların ardınca Fransada fəaliyyət göstərən “Mobius” qrupunun istedadlı gənc musiqiçiləri tərəfindən anım konserti ifa olunub. Konsertdə digər bəstəkarlarla yanaşı Fikrət Əmirov və Qara Qarayevin əsərləri, habelə “Xocalı 613” əsəri ifa edilib.

Bundan əlavə, konsert zalında Xocalı soyqırımından bəhs edən foto şərgi nümayiş etdirilib.