Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir sıra silsilə tədbirlər keçirilmişdir.
“İki sahil” xəbər verir ki, 25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın Milli Teleqraf Agentliyində Xocalı soyqırımına həsr olunmuş “Xocalı faciəsi 30 il sonra: hüquqi və humanitar aspektlər” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası və Bolqarıstan Respublikası parlamentlərinin üzvləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali elmi-təhsil müəssisələri və akademik dairələrin üzvləri, mütəxəssislər və Azərbaycan diasporu üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov Xocalı soyqırımının bəşəriyyətin ən dəhşətli qətliamları sırasında yer aldığını və 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində 613 nəfər günahsız mülki Azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın öldürüldüyünü qeyd etmişdir. Səfir 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror əməlinə əl atdığını diqqətə çatdırmış və Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüz zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasının ədalətin zəfər çalmasına xidmət edəcəyini vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisin üzvü, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstan Respublikası Xalq Məclisinin üzvləri və elmi təhsil dairələrinin nümayəndələri çıxış edərək Xocalı faciəsinə dair öz fikirlərini bölüşmüş və soyqırımın törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd etmişlər.
Konfrans çərçivəsində hüquq elmləri doktoru, professor Namik Əliyevin bolqar dilinə tərcümə edilmiş “Ermənistan – Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitabının təqdimatı keçirilmişdir. Konfransa online formatda qoşulmuş müəllif nəşr olunmuş kitabı, eləcə də keçmiş Ermənistan – Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın beynəlxalq hüquqa ziddiyyət təşkil edən fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat vermişdir.
Daha sonra Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni işğalçıları tərəfindən dağıdılmış tarixi-mədəni abidələr haqqında məruzə ilə çıxış etmiş və müvafiq şəkilləri tədbir iştirakçılarına nümayiş etdirmişdir.
Video-konfransla yanaşı Bolqar Milli Teleqraf Agentliyinin binasında yerli media nümayəndələri, elmi təhsil müəssisələri və diplomatik korpusun üzvlərinin iştirakı ilə Xocalı soyqırımının xatirəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərginin açılışı baş tutmuşdur.
Eyni zamanda, 25 fevral 2022-ci il tarixində səfirliyin təşəbbüsü ilə Şuşa rayonu 1 nömrəli tam orta məktəbi və Füzuli rayonu 3 nömrəli tam orta məktəbləri ilə Bolqarıstanın orta məktəbləri arasında Xocalı faciəsinin 30-cü ildönümü ilə əlaqədar video-konfrans təşkil edilmişdir. Tədbirdə Azərbaycanın Qarabağ bölgəsinin orta məktəblərinin şagirdləri və müəllimləri Bolqarıstanlı həmyaşıdları və həmkarlarına Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermiş və ətraflı fikir mübadiləsi aparmışlar.
Qeyd olunan tədbirlər Bolqarıstan kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
25 fevral 2022-ci il tarixində Sofiya şəhərinin mərkəzi məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxunmuş, dualar edilmiş, səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlərə ehsan verilmişdir.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar səfir Hüseyn Hüseynov Bolqarıstanın Milli Radiosuna, həmçinin aparıcı yerli xəbər agentliklərinə Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı ilə əlaqədar müsahibələr vermişdir. Səfirliyin təşəbbüsü ilə Xocalı soyqırımına dair məlumatlar Bolqarıstanın KİV-lərində geniş işıqlandırılmışdır. Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı və Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin müraciəti bolqar dilinə tərcümə edilərək Bolqarıstanın dövlət qurumları, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar, eləcə də yerli xəbər agentlikləri arasında yayılmışdır.