26 fevral 2022 20:52
578

Lerik rayonunda  Xocalı soyqırımı qeyd olundu

 İyirminci əsrin  ən qanlı cinayəti olan Xocalı soyqırımının otuzuncu ildönümü Lerik rayonunda da   qeyd olundu. Öncə tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə tər güllər qoyaraq soyqırımın qurbanlarının xatirəsinə ehtiramlarını bildirdilər. Rayon  mədəniyyət mərkəzinə gələn tədbir iştirakçıları buranın  foyesində rayon məktəblilərin Xocalı faciəsinə həsr etdikləri əl işlərdən ibarət sərgiyə və Vətən Müharibəsi şəhidlərinin xatirə lövhəsinə baxış keçirdilər.

Tədbirin rəsmi hissəsi Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən  qəhrəman oğlanların  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə  başlandı. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev erməni işğalçıları və havadarları tərəfindən törədilən Xocalı soyqırımını qınayaraq mövzu ətrafında geniş məruzə etdi: - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs  ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.  Bu axıdılan qanlar yerdə qalmadı.  Yəni  2020-ci il sentyabrın 27-də ölkə Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən qüvvələri məhv edildi.  Nəticədə böyük tarixi həqiqətin bərpa edilməsi həm də Xocalı faciəsi və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən faciənin qurbanlarının qisası alındı.  Bəli, Müzəffər Azərbaycan Ordusu qısa müddətdə, cəmi 44 gün ərzində mənfur düşməni  Qarabağdan qovmaqla  ona layiq olduğu yeri göstərdi. Bu gün qəhrəman əsgər və zabitlərimiz həmin torpaqlarda dalğalanan müqəddəs bayrağımızı şərəflə qoruyurlar.  Xocalı şəhidlərinin, ümumiyyətlə, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.

Tədbirdə iştirak edən Lənkəran Regional Mədəniyyət İdarənin rəisi Şahin Şahbazov söz alıb  bildirdi: ”Qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı soyqırımından  bizi 30 il zaman məsafəsi ayırır. Azərbaycanlılara qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Ermənistanın bu təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində başda Ali Baş Kamandan, Prezident cənab İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqları işğaldan azad etdi.”

Tədbirin bədii hissəsində Lənkəran şəhər Cəfər Cabarlı  adına 1 saylı Uşaq Musiqi Məktəbinin uşaq xor kollektivinin  çıxışı oldu.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü