26 fevral 2022 21:11
673

Fransalı deputat: Xocalı faciəsinin müəllifləri cəzalandırılmalıdırlar

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdırlar. Sülh yalnız həqiqət və ədalət üzərində qurula bilər”.

“İki sahil” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü, deputat, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti Jerom Lamber Fransanın Nitsa (Nice) şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir zamanı bildirib.

Jerom Lamber vurğulayıb ki, Xocalı faciəsi heç vaxt unudula bilməz:

“Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi Avropa əhalisi tərəfindən diqqətdən kənarda qalıb. Erməni lobbisinin apardığı təbliğatda erməni qoşunlarının törətdiyi cinayətlərin bütün izləri var. Mən diqqətdən kənarta qalan, bəzən hətta gizlədilən və ya təhrif edilən hadisələrin miqyasının nə qədər böyük olduğunu kəşf etmişəm. Xocalı faciəsini 1944-cü ildə Fransanın Oradour sur Glane kənd sakinlərinin yaşadığı faciə ilə müqayisə etmək olar. 10 iyun 1944-cü ildə “SS Das Reich” bölməsinin əsgərləri 643 kənd sakininin qırğınına səbəb olub və bu faciə Fransa tarixinin ayrılmaz hissəsidir. Xocalı qətliamı da Azərbaycan tarixinin ayrılmaz hissəsidir və heç zaman unudula bilməz.”

Jerom Lamber bildirib ki, Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır:

“İnsan hüquqlarının vətəni olması ilə fəxr edən Fransada Xocalıda törədilən faciəyə və ümumiyyətlə Ermənistanda azərbaycanlılara qarşı törədilən etnik təmizləmə əməllərinə düzgün qiymət verilməlidir. Bütün qırğınların, habelə Xocalı faciəsinin müəllifləri cəzalandırılmalıdır. Sülh yalnız həqiqət və ədalət üzərində qurula bilər. Fransa Azərbaycan xalqı ilə bağlı apardığı siyasətində ədalətli olmalıdır.” - deputat bildirib.