26 fevral 2022 22:00
646

Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 30 illiyi ilə bağlı silsilə tədbirlər keçirib

30 il bundan öncə Xocalıda törədilən qətliamın anım günü ilə əlaqədar Ombudsmanın Quba, Şəki, Cəlilabad və Gəncə regional mərkəzləri bir sıra tədbirlər keçirib.

Ombudsman Aparatından "İki sahil"ə verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzi Gəncə, Samux, Yevlax və Qazax rayonlarından müxtəlif müəssisələrin nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinə dair silsilə tədbirlər keçirib.

Tədbirlərdə çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bu dəhşətli cinayət nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulduğunu vurğulayıb. Həmçinin Xocalı soyqırımının Ermənistanın təcavüzü nəticəsində başlanmış silahlı münaqişənin gedişatında baş verdiyindən törədilmiş cinayətlərin beynəlxalq humanitar hüquq normalarına əsasən də tövsif edilməli olduğu qeyd olunub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, habelə liseyin müəllim və tələbələri iştirak ediblər.

Tədbir zamanı 1992-ci ildə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlər haqqında danışılıb, onun bəşəriyyətə qarşı törədilmiş cinayət aktı olduğu vurğulanıb. Sonda Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Ombudsmanın Quba Regional Mərkəzi də müxtəlif dövlət qurumları ilə birgə Qubada, Xaçmazda və Qusarda Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib. Tədbirlərə sözügedən rayonların fəal gəncləri, din xadimləri, yerli dövlət qurumlarının nümayəndələri və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirlər zamanı Ombudsmanın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar verdiyi bəyanatın mətni iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Quba rayonunda təşkil olunmuş qanvermə aksiyasında iştirak edib.

Ombudsmanın Şəki Regional Mərkəzi isə şəhər 10 və 12 saylı tam orta məktəblərdə və Şəki Tibb Kollecində, həmçinin Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseydə müəllim, şagird və tələbələrin iştirakı ilə tədbirlər keçirib.

Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov tədbirlərdə çıxışı zamanı Xocalıda törədilən cinayət əməllərinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu, dünya ictimaiyyətinin məlumatlandırılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi rol oynadığını bildirib. Xocalıda törədilmiş kütləvi qırğını bir sıra dövlətlərin parlamentlərinin soyqırım kimi qəbul etdiyi, 24 ABŞ ştatının faciəni qətiyyətlə pislədiyi, İslam Əməkdaşlıq Təşkilatının da Xocalıda törədilmiş cinayəti soyqırım kimi tanıdığı qeyd olunub.

Regional mərkəzlərin nümayəndələri çıxışları zamanı Ombudsmanın Xocalı soyqırımı ilə əlaqədar ənənəvi olaraq, o cümlədən soyqırımın 30-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı bəyanatı barədə iştirakçılara məlumat veriblər.