İspaniyanın Barselona şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Fevralın 26-da Kataloniya Musiqi Sarayında azərbaycanlı bəstəkar Turan Manafzadənin rəhbərliyi ilə Kataloniya orkestrinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı təşkil olunub.
Anım tədbirinin açılışında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Bu amansız, soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdıran səfir Ramiz Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə danışıb. Qeyd olunub ki, kampaniyanın əsas məqsədi Xocalıda baş verən faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun soyqırımı kimi tanınmasına nail olmaqdır. Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər” olması qənaətinə gəlib.
Tədbirin sonunda 30 ilə yaxın işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycanın bütün terror aktlarını, təcavüz siyasətini qəti şəkildə pislədiyi qeyd olunub, beynəlxalq ictimaiyyətin bu mənfur əməllərə qarşı birlikdə mübarizə aparmasına, dünyada sülhün bərqərar olunmasında ölkələrin səylərinin artırılmasına və həmrəylik nümayiş etdirmələrinə çağırış edilib.
Anım mərasimi zamanı təqdim edilən konsert proqramında Azərbaycan və dünya klassik musiqisinin inciləri ifa olunub.
AZƏRTAC