27 fevral 2022 17:03
748

Vatikan portalında Xocalı soyqırımına dair məqalə dərc olunub

Vatikan “Place St Pierre” portalında “İnsan qalın. Xocalı qətliamından 30 il sonra. Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin fikirləri” adlı məqalə dərc olunub.

"İki sahil" xəbər verir ki, məqalədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin Xocalı soyqırımının 30 illiyi ilə bağlı fikirlərinə geniş yer verilib. Bildirilib ki, fevralın 26-sı Azərbaycan müasir tarixinin ən qanlı səhifəsidir. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 7 min sakini olan Xocalı şəhərinə hücumundan, dinc əhaliyə qarşı kütləvi cinayətlər törətməsindən söz açıb. Qeyd edib ki, həmin gecə erməni əsgərləri qaçıb canını qurtarmaq istəyən mülki əhaliyə qarşı yollarda, meşələrdə pusqular quraraq onları amansızlıqla qətlə yetiriblər. Öldürülən 613 dinc sakindən əlavə, 1250 sakin girov götürülüb. Əsirlərdən 150-sinin taleyindən bu günədək hələ də xəbər yoxdur.

Məqalədə erməni əsgərlərinin öldürdükləri dinc sakinlərin cəsədlərinə də xəsarət yetirərək təhqir etdikləri vurğulanıb. Qeyd olunub ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətdə erməni hərbçilərinin rolunu açıq şəkildə etiraf edib.

Vurğulanıb ki, Xocalı soyqırımı ermənilərin ksenofobiya və millətçiliyə əsaslanan siyasətinin və ideologiyasının məntiqi nəticəsidir. Beynəlxalq ictimaiyyətin laqeydliyi nəticəsində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş bütün hərbi cinayətlər cəzasız qalıb.

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək məqsədilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da məlumat verilib. Bildirilib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu cinayətləri pisləməli, dünya ölkələrinin hökumətləri və parlamentləri tərəfindən bu hadisələrə siyasi və hüquqi qiymət verilməlidir. Eyni zamanda, qeyd edilib ki, dünyanın bir çox ölkələri bu faciəni tanıyıb. Diqqətə çatdırılıb ki, bu təşəbbüs qisas çağırışı deyil, əksinə, qurbanlar üçün ədalətə nail olmaq məqsədi daşıyır. Çünki sülh müharibənin yoxluğu deyil, hər şeydən əvvəl ədalətin olmasıdır. Xocalıda törədilən cinayətlər cəzasız qalmamalıdır ki, belə faciələr bir daha təkrarlanmasın.

Məqalədə səfir Müqəddəs Taxt-Tacın Xocalıda törədilmiş bu vəhşi cinayətlərə ədalətli qiymət veriləcəyinə və günahsız mülki qurbanların xatirəsinin ehtiramla yad ediləcəyinə ümid etdiyini bildirib. Azərbaycanın hər zaman insan ləyaqətini və hər bir həyatın özünəməxsus dəyərini qiymətləndirməklə seçilən Müqəddəs Taxt-Tacın mənəvi dəstəyinə ümid etdiyini vurğulayıb.

Bildirilib ki, bu gün insan hüquqları bir çox ölkələrin siyasi və diplomatik idarəçiliyində daim narahatlıq doğuran məqamdır. Xocalıda qətlə yetirilənlər bu əsas hüquqlardan yararlana bilmədilər və bu gün onlara ancaq ehtiram göstərə, xatirələrini yad edə bilərik.

“İsveçrə əsilli məşhur fransızdilli yazıçı Anri-Frederik Amyelin (1851-ci il 19 iyun) yazdığı kimi: “Yaddaş bizim varlığımızın bir hissəsidir: unutmaq insanın ruhunu şikəst etməkdir, ürəyini qurutmaqdır; unutmaq insan olmağı dayandırmaqdır”. Bu gün əsl insan olmaq öz əlimizdədir. Gəlin, əsl insan kimi qalaq”, - deyə məqalədə qeyd edilib.