27 fevral 2022 17:12
788

Cenevrədə Xocalı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi bir sıra ölkələrin daimi nümayəndələrinin və Azərbaycan diasporunun iştirakı ilə Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Ədalət, sülh və inkişaf axtarışında” adlı tədbir keçirilib.

"İki sahil" xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov çıxışında tədbir iştirakçılarına Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Azərbaycanın 44 günlük müharibənin nəticəsində Qarabağ münaqişəsinə son qoyduğunu və münaqişədən sonrakı dövrdə regionda dayanıqlı sülhün əldə olunması istiqamətində atdığı addımlar barədə danışıb, bunun üçün Xocalı faciəsinə görə məsuliyyətin Ermənistan hakimiyyəti və ictimaiyyəti tərəfindən tanınmasının, faciə qurbanlarından üzr istənilməsinin vacibliyini qeyd edib.

Azad olunmuş torpaqlarda aparılan təmir-bərpa işləri barədə danışan səfir Azərbaycanın bu istiqamətdə qarşılaşdığı çətinliklər, minalar problemi, törədilmiş ekoloji cinayətlər və məhv edilmiş mədəni irs barədə məlumat verib.

Sonra Cenevrədə yaşayan diaspor nümayəndələri Mariya Xan-Xoyskaya və Nərgiz Ocaqverdiyeva çıxış edib, gənc diaspor fəalı Alsu Aktoprak isə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeir söyləyib.

Daimi nümayəndəliyin əməkdaşı Nərmin Hüseynovanın təqdimatında ölkəmizin azad olunmuş ərazilərində aparılan təmir-bərpa işlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonra Fransada yaşayan həmyerlimiz, məşhur piano ifaçısı Adilə Əliyeva Xocalı soyqırımının qurbanlarına həsr olunmuş piano konserti ilə çıxış edib.