Niderland Krallığında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş silsilə anım tədbirləri davam edir.
"İki sahil" xəbər verir ki, Amsterdam şəhərinin Dam meydanında “Niderland-Azərbaycan Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovanın “Bir gecənin sirri” hekayəsi əsasında pantomima tamaşası təqdim olunub.
Tamaşa meydandan və ətrafdan keçən sakinlərin, eləcə də turistlərin diqqətini cəlb edib. Tamaşaçılara bu ölkədə yaşayan diaspor fəallarımız da qatılıblar. Müəllif tərəfindən holland dilində səsləndirilən tamaşadakı rolları gənc vətənpərvər diaspor üzvlərimiz oynayıb. Xocalı soyqırımına həsr edilmiş pantomima tamaşası izləyiciləri duyğulandırıb.
Sonda tamaşanın müəllifi Firəngiz Bağırova izləyicilərin suallarını cavablandıraraq Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Yerli ictimaiyyətin nümayəndələri dünyada bir daha belə qətliamın təkrarlanmamasını arzulayıblar. Xocalı soyqırımına beynəlxalq ictimaiyyət, eləcə də mötəbər qurumlar tərəfindən hüquqi qiymət verilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Niderland Krallığında yaşayan diaspor üzvlərimiz yerli əhalini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq və maarifləndirmək üçün silsilə anım tədbirləri təşkil ediblər.