Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30–cu ildönümünə həsr olunmuş rəsm sərgisi və anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbirdə ilk öncə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev bildirib ki, 30 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər.
Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib: “Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib”.
Daha sonra şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.