Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu birgə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial aksiya keçirib.
“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları Nizami rayonu ərazisində yaşayan bir qrup Xocalı soyqırımı şahidlərini və şəhid ailələrini ziyarət ediblər.
Partiya fəalları onların qayğıları ilə maraqlanıb, yardımlarını təqdim ediblər.
Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyiblər. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə “dəmir yumruq” qalib gəlib və yeni reallıq yaradıb. 44 günlük müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb.
Qeyd edilib ki, Xocalıdan olan insanlarımızın, eləcə də şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli daim dövlətimizin diqqəti mərkəzindədir.
Xocalı soyqırımı şahidləri və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.