ABŞ-ın 10 ştatının iri şəhərlərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə aksiyalar Vaşinqton, Nyu-York, Mayami, Boston, Filadelfiya, Atlanta, Çikaqo, San Fransisko, Hyuston və Denver şəhərlərində baş tutub.
Aksiyalar zamanı Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobillərin mərkəzi küçələrdə hərəkəti təmin olunub. LED ekranda “Bizim xalqın qanlı yaddaşı”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını unutma!”, “Xocalı müharibə cinayətidir, insanlığa qarşı cinayətdir, soyqırımıdır!”, “Qarabağ Azərbaycandır!” şüarları, 26.02.1992 tarixi, faciənin ildönümünü göstərən 30 rəqəmi, Xocalı soyqırımı qurbanlarının sayı, “Ana harayı” abidəsinin və Xocalı soyqırımının dəhşətlərini əks etdirən təsvirlər yerləşdirilib.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində həyata keçirilən aksiyanın məqsədi amerikalıların diqqətini erməni cəlladlarının Azərbaycan xalqının başına gətirdiyi dəhşətli soyqırıma cəlb etmək olub.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.