01 mart 2022 19:14
1624

Həyata kitabla addımla FOTO

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Həyata kitabla addımla” adlı tədbir  keçirildi.

Müdafiə Nazirliyi, Azərbaycan Nəşriyyatlar Assosiasiyası, Gəncliyə Yardım Fondu, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) “Həyata kitabla addımla” adlı layihəyə qoşularaq çoxlu sayda kitablar hədiyyə ediblər, layihənin reallaşması üçün xüsusi dəstək göstəriblər.

Tədbirin keçirilməsində məqsəd uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliyəyə cəlb etmək, həmçinin oxu və mütaliəyə vərdişlərinin bədii təfəkkürün inkişafında rolunu artırmaqdır.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirdi ki, Azərbaycan öz tarixi torpaqlarını vətən uğrunda canlarını qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir: “Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən diqqət, sevgi və qayğı ilə əhatələnirlər. Bugünkü tədbirimizin əsas qonaqları da  Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş ölməz qəhrəmanlarımızın-şəhidlərimizin övladlarıdır”.

Ş.Qəmbərova qeyd etdi ki, tədbirimizin əsas məqsədi uşaqların kitaba və mütaliəyə marağını artırmaq, onlara kitab hədiyyə etməkdir: “Hər zaman kitab oxumağı təbliğ edirik ki,  gələcəyimiz üçün  intellektual səviyyəsi  daha da yüksək olan gənclər böyüsün.  Güclü dövlət, intellektual  səviyyəsi yüksək olan gənclik görmək istəyiriksə mütləq mütaliə və kitablara üstünlük verməliyik. Bugünkü tədbirimizdə ümumilikdə 250-ə yaxın uşağa 1400-ə yaxın kitab hədiyyə edildi".

Tədbirdə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə tədbirlərin keçirilməsini yüksək dəyərləndiriblər və davamlı olmasını diləyiblər.  Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhid ailələri Vətənə əmanətdir. Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq.

Çıxış edənlər vurğulayıblar ki, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyətdə baş verən hadisələrə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Tədbirdə iştirak edən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin övladlarına kitablar hədiyyə olundu.

 Daha sonra tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının ifasında müxtəlif konsert proqramları ilə davam etdirildi.

Tədbirdən sonra bütün uşaqlara 1400-ə yaxın kitab hədiyyə edildi, həmçinin onlara “Ulduz” şokolad fabrikinin hədiyyələri təqdim olundu.

Yaqut Ağaşahqızı, “İki sahil”