Almaniyanın “nex24.news” portalında Azərbaycanın gənc diaspor fəalı Qurban Məmmədovun müəllifliyi ilə “Almaniya Bundestaqı nə üçün Xocalı soyqırımına münasibət bildirmir?” sərlövhəli məqalə dərc olunub.
“İki sahil” xəbər verir ki, müəllif məqaləsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu cinayətin XX əsrdə insanlığa qarşı ən amansız cinayətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmidə törədilən faciələrlə müqayisə olunur.
Məqalədə Xocalı faciəsinin törədilməsi zamanı bölgədəki şəraitə, çoxsaylı insan itkisinə səbəb olmasına, cinayətin beynəlxalq hüquqi aspektlərinə nəzər salınıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasından və müxtəlif dünya ölkələrində yaradılan Xocalı abidələrindən söz açılıb.
Məqalə müəllifi Almaniya hökuməti və Bundestaqın hələ də Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe nümayiş etdirməməsinin təəssüf doğurduğunu vurğulayıb. Hazırda hakimiyyət koalisiyasına rəhbərlik edən Sosial Demokratlar Partiyası fraksiyasının 2017-ci ildə Xocalıya dair mətbuat açıqlaması ilə çıxış etdiyini, lakin bunun qaneedici olmadığını diqqətə çatdırıb. Bu əsnada 2016-cı ildə Almaniya Bundestaqının 1915-ci il hadisələri ilə bağlı xüsusi qətnamə qəbul etdiyini xatırladıb. Eyni zamanda, Bundestaqın Xocalı ilə bağlı rəsmi mövqe bildirməsinə nəyin mane olduğu ilə bağlı ritorik sual ünvanlayıb.