Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində mütəmadi olaraq dəniz neftçilərinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində tədbirlər görülür. SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin Sosial inkişaf şöbəsinin rəisi Əhməd Musayevin sözlərinə görə, 2015-ci ildə neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində “Neft Daşları” NQÇİ-də bir sıra işlər görülüb. Belə ki, yataqxananın “A”, “V” və 9 mərtəbəli qadınlar korpuslarının fasadlarında və dəhlizlərində təmir işləri aparılıb. Örtülü idman kompleksində, çay evinin fasadında və daxilində, 13 saylı yeməkxananın dəhlizində cari təmir işləri aparılıb. İl ərzində sahildən 83286 ton içməli su alınıb. 1-ci və 2-ci “Əks-osmos” qurğularında gündəlik tələbata uyğun təmizlənmiş dəniz suyu İES-də qızdırılıb və sutka ərzində yataqxana korpuslarına verilib. İşçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə daşınmaları təmin edilib.
“Neft Daşları” NQÇİ-də neftçilərin qidalanması da xüsusi diqqət yetirilən məqamlardandır. Qeyd edək ki, burada 4 yeməkxana fəaliyyət göstərir. “Xəzər iaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədov qeyd etdi ki, dəniz neftçilərinin sağlam qidalanması qarşıda duran mühüm vəzifələr sırasındadır: “Bunun üçün lazım olan zəruri tədbirlər görülür. Yeməkxanalara gətirilən qidalar müvafiq yoxlamalardan keçir. Əsas şərt keyfiyyət və təmizlikdir. Bununla yanaşı, yeməkxanalarda şikayət və təkliflər üçün jurnallar var. Neftçilər şikayət və təkliflərini bu jurnallarda qeyd edə bilərlər. Jurnallara mütəmadi olaraq baxış keçirilir, haqlı şikayət və təkliflər araşdırılır, yerindəcə tədbir görülür. Qeyd edək ki, idarənin Sosial inkişaf şöbəsi bütün bu məsələləri hər zaman diqqət mərkəzində saxlayır.”
A.Əhmədovun sözlərinə görə, xalqımız mart ayında bir sıra bayramları qeyd edir: “Bayram günlərində iş başında olan neftçilər üçün hər cür şərait yaradılır. Yeməkxanalarda milli mətbəximizə aid ləziz yeməklər, şirniyyatlar hazıranır. Bir sözlə, neftçilər bayramları burada yüksək səviyyədə qeyd edirlər.”
NQÇİ-də əmək şəraitinin yaxşılaşdırılması və istehsalat zədələnmələrinin qarşısının alınması sahəsində də müəyyən işlər görülüb. Hesabat dövründə xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin alınması təmin edilib. NQÇİ-nin obyektlərində 17 yoxlama aparılıb, nəticədə aşkar olunan bəzi çatışmazlıqlar aradan qaldırılıb.
Nail Rəhimzadə, “İki sahil”