06 mart 2022 18:08
1029

Malayziya qəzeti ermənilərin Edillidə törətdikləri vəhşiliklərdən yazıb

Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzeti erməni vandallarının Xocavənd rayonunun Edilli kəndində törətdikləri vəhşiliklər barədə bu yaxınlarda Azərbaycanda səfərdə olmuş əməkdaşı Taqib Şakerin məqaləsini yayımlayıb.

"İki sahil" xəbər verir ki, “Erməni vəhşiliklərinin şahidi – Edilli kəndi” sərlövhəli məqalədə müəllif əvvəlcə Azərbaycana səfərinin məqsədi barədə yazıb. Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə fevralın 23-də Azərbaycana səfər etdiyini vurğulayan müəllif bu tədbirlərdə 12 ölkədən 26 jurnalist, yazıçı və sosial şəbəkə fəalının iştirak etdiyini bildirib.

Malayziyadan həmin tədbirlərə dəvət olunan yeganə şəxs olmasının onda qürur hissi doğurduğunu bildirən T.Şaker səfər proqramı ilə tanışlıqdan sonra bu həyəcanın keçdiyini qeyd edib. Belə ki, proqramda Ermənistanın 28 il işğal altında saxladığı, Azərbaycan Ordusunun böyük rəşadəti nəticəsində 2020-ci ildə 44 gün davam edən müharibədən sonra azad edilən torpaqlara səfərin planlaşdırılması onu qarşıda çox ağır işin durduğuna inandırıb. O, Xocavənd rayonunun Edilli kəndinə səfəri zamanı isə bunun canlı şahidi olduğunu vurğulayıb.

Səfərin ikinci günü Edilli kəndinə yola düşdüklərini bildirən müəllif Azərbaycan hökumətinin azad edilən ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladığını, bu rayonlara geniş və rahat yolun çəkildiyini qeyd edib. İlkin olaraq 27 il işğal altında qalmış Fizuli rayonuna çatdıqlarını, uzun müddət qəzetlərdən və televiziya ekranlarından müşahidə etdiyi dağıntıları gözləri ilə görmək imkanı qazandığını bildirib. Vaxtilə 17 mindən çox sakinin yaşadığı şəhərin yerində gördüyü xarabaların onu dəhşətə saldığını qeyd edən Taqib Şaker vurğulayıb ki, ermənilər işğal etdikləri bütün yaşayış məntəqələrində görünməmiş etnik təmizləmə apararaq, buradakı azərbaycanlıların hamısını qovublar. Birinci Qarabağ müharibəsindən sonra bu yerlərdə insan səsindən və fəaliyyətindən heç bir iz qalmayıb, bu yaşayış məntəqəsi “ruhlar şəhəri”nə çevrilib.

Fizulidən sonra Edilliyə yollandıqlarını qeyd edən jurnalist bu kəndə gedən yolun dar və dərəli-təpəli olduğunu bildirib. Qeyd edib ki, ermənilər 30 ilə yaxın müddətdə bu əraziləri işğal altında saxlasalar da, heç bir quruculuq və tikinti işləri görməyib, əksinə, mövcud olanları talayıb aparıblar. O, yolboyu dağıdılaraq xarabazarlığa çevrilmiş tikililər gördüklərini, təyinat məntəqəsinə çatdıqda isə hərbçilər və polislərlə yanaşı, mülki geyimli şəxslərin böyük bir çuxurun ətrafında toplaşdığını gördüyünü qeyd edib. Vaxt itirmədən avtobusdan düşərək baş verənləri daha yaxşı izləmək üçün yaxınlıqdakı təpəyə qalxdığını qeyd edən T.Şaker bildirib: “Qarşımda açılan mənzərəni gördükdə özümdən asılı olmayaraq ağzımdan “Əğstəfurullah!” kəlməsi çıxdı. Birdən-birə dizlərim boşaldı. Gördüyüm insan kəllələri və bədən sümükləri məni şok vəziyyətinə saldı”.

Hadisələrin canlı şahidi olmuş Şəmsi Şıxəliyevin 1993-cü ilin avqustunda bu ərazidə yerli sakinlərin ermənilər tərəfindən qətlə yetirilərək kütləvi şəkildə basdırılması barədə məlumat verdiyini vurğulayan müəllif bildirib ki, 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bütün Qarabağ ərazisində insan cəsədlərinin kütləvi şəkildə basdırıldığı rayonlarda qazıntı-axtarış işlərinə başlayıb. Tapılan cəsədlər müvafiq DNK analizindən keçirilərək və şəxsiyyəti dəqiqləşdirildikdən sonra dəfn olunmaq üçün qohumlarına təhvil verilir.

Malayziyalı jurnalist qeyd edib ki, Edilli Xocavənd rayonunun erməni işğalına, zorakılıq və vəhşiliyinə məruz qalmış onlarla kəndindən biridir. Maraqlıdır ki, beynəlxalq, xüsusən Qərb mətbuatı həmin yerlərdə erməni cinayətləri barədə çox az məlumat yayıb.

Gördüklərinin onda qarışıq hisslər doğurduğunu vurğulayan T.Şaker qəlbi parçalanan xalqın kədərinə şərik olduğunu, lakin Azərbaycanın işğal altındakı torpaqları azad etməsinin onda fərəh hissi doğurduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, həmin torpaqların əsl sahibi olan azərbaycanlılar doğma əraziləri dirçəldərək, burada rahat və firavan həyat quracaqlar.