12 iyun 2018 22:49
1187

Paşinyanın şantaj diplomatiyası iflasa uğrayır

Erməni xalqı anlayır ki, yeni hakimiyyətin verdiyi vədlər avantüradan başqa bir deyil

Ermənistanın yeni hakimiyyəti hələ də anormal açıqlamalar verməklə Moskva və Bakını şantaj taktikasından əl çəkmək istəmir. Belə ki, Moskva səfərində pərt olan Z. Mnatsakanyan bir növ, özünü sındırmamaq və Ermənistanın guya suveren ölkə olduğunu isbatlamaq üçün Rusiyanın «Kommersant» nəşrinə müsahibəsində söyləyib ki, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasına qarşı çıxacaq.

Əvvəla o, anlamır ki, Azərbaycan AİB-ə üzv olmaq niyyətində deyil və müstəqil iqtisadi və siyasi siyasət yürüdür. Göründüyü kimi, Ermənistanın yeni rəhbərliyi Moskvanı şantaj etməyə cəhd edir. Çünki Rusiya bu layihələrdə əsas söz sahibidir və hansısa ölkənin, o cümlədən Azərbaycanın ona üzvlüyü aktuallaşarsa, Rusiyadan asılı olan vassal Ermənistan buna əngəl yarada, Moskvanın sözündən çıxa bilməz.

Digər tərəfdən, rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Ermənistan işğal altındakı ərazilərin heç olmasa, bir qismini qeyd-şərtsiz boşaltmağa başlamasa, onunla bu qurumda heç vaxt təmsil olunmayacaq. Ona görə də ölkəmizlə bağlı  Mnatsakanyanın yuxarıdakı sitatı qabaqdan gəlmişlik və heç kəsə gərək olmayan özündən razılıq əlaməti kimi də qiymətləndirilə bilər. Yəni Paşinyan hökumətinin stəkanda daha bir «fırtına» yaratmaq cəhdindən savayı bir şey sayılmaz.

Az öncə isə yeni erməni rəhbərliyi Naxçıvan ətrafında başqa bir «fırtına» yaratmaq istəyirdi. Ancaq Azərbaycan Ordusunun həmin istiqamətdəki lokal hərbi uğuru ilə o da sabun köpüyü kimi dağıldı. Daha sonra Ermənistandakı posteyforiya havasına uyan təxribatçı-politoloq Levon Şirinyan belə bir sərsəm fikir söyləyib ki, guya bu il «Naxçıvan məsələsini siyasi-hüquqi mənada» bağlayacaqlar. O, çıxışında deyir ki,  Ermənistan Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın «erməni torpağı» olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq».

Ermənistanın Naxçıvana qarşı yeni iddiaları geosiyasi riyakarlıqdır və Rusiya-Türkiyə qarşıdurması yaratmağa hesablanıb. Təbii ki, bu, bir sayıqlamadır və ermənilər yaxşı anlayırlar ki, müharibə başlasa, məğlub olacaqlar. Lakin bu dəfə Naxçıvanın daha çox qabardılması isə ermənilərin daha böyük geosiyasi hiyələgərliyini işə salmasıdır. Onlar yaxşı anlayırlar ki, ortada Qars müqaiviləsi var və Naxçıvana hücum baş verərsə Türkiyə onu qorumağa məsuldur.  Demək, Ermənistan burada öz müttəfiqi olan Rusiyanı  (onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridirlər) NATO üzvü olan Türkiyə ilə üz-üzə gətirmək niyyətindədir. Lakin hazırda Türkiyə ilə Rusiya arasındakı isti münasibətlər bu iki böyük ölkənin hərbi qarşıdurmasına imkan verməz.

Qeyd edək ki, bu gün ordumuz o cümlədən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu erməniləri məhv etmək üçün kifayət qədər güclüdür. Bu səbəbdən də ermənilərin bu planı heç nəyə yaramayacaq.

Bu gün erməniləri narahat edən digər çox mühüm məsələ Türkiyə-Rusiya əlaqələrinin inkişaf etməsidir. Hazırda Rusiya ilə Türkiyə arasında iqtisadi-siyasi, ticari-energetik və hərbi sahələrdə son illər dərinləşən əlaqələrin fonunda ermənilər Dağlıq Qarabağ məsələsində onların ziyanına ola biləcək həll planlının gündəmə gəlməsindən ciddi təlaş keçirirlər.

Bu da tarixi faktlardır ki, ermənilər həmişə rus-türk yaxınlaşmasından ehtiyat ediblər. Əvəzində bu iki ölkə arasında gərginlik yarananda Türkiyəyə qarşı xəyanət yolunu tutublar. Burada bir məsələni də qeyd etmək lazımdır ki, hazırda Rusiya ilə Türkiyənin arasını vurmaq ABŞ-ın da marağına uyğundur. Bu mənada, «Qərbin adamı» sayılan Paşinyanın Naxçıvanla bağlı dezinformasiya və təxribatlarını ABŞ-ın maraqlarına uyğun hesab etmək də olar.

Tam əminliklə demək olar ki,  Qərbin iqtisadi və siyasi  sanksiyaları ilə sıxışdırılan Rusiyaya Şərqdə Türkiyə kimi iqtisadi cəhətdən inkişaf edən ölkə ilə münaqişə lazım deyil.  Ona görə də Paşinyan hökumətinin bu qəbildən şantaj taktikası tam iflasa uğrayıb. Eyni zamanda, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçvanın Şərur rayonunun Günnüt kəndini işğaldan azad etməsi ermənilərə növbəti tərs şillə oldu.

Elçin Zaman, «İki sahil»