Martın 9-da SOCAR-ın Baş ofisində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə “Technip İtaly” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilmişdir.Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillo, “Technip İtaly” şirkətinin Baş İcraçı Direktoru Marco Villa, hər iki şirkətin rəhbər nümayəndələri iştirak etmişlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, “Etilen-polietilen” zavodunun rekonstruksiyası layihəsi çərçivəsində görülmüş işlərdən bəhs etmiş, bildirmişdir ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. R.Abdullayev qeyd etmişdir ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, Piroliz qurğusu üzrə əsas lisenziarlardan biri olan, habelə piroliz qurğularının rekonstruksiyası üzrə dünyada və o cümlədən MDB ölkələrində böyük təcrübəyə malik “Technip İtaly” şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilmişdir. Mərasimdə vurğulanmışdır ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaqdır.
Daha sonra sənədin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının Sədri Muxtar Babayev və “Technip İtaly” şirkətinin Baş İcraçı Direktoru Marco Villa imzalamışlar. Bununla da, “Technip İtaly” şirkəti “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Detallı Mühəndislik və Təchizata dəstək üzrə ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlamışdır.
Qeyd edək ki, baş ofisi Parisdə yerləşən “Technip” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1997-ci ildən Azərbaycanda mühəndislik xidmətləri göstərmiş, o cümlədən “Şahdəniz” və NQENKK kimi irimiqyaslı layihələrdə iştirak etmişdir. Şirkət hazırda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi ilə yanaşı, “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini də həyata keçirir.