Hindistanda olduqca maraqlı hadisə baş verib.
Bu dəfə qatar sərnişinləri deyil, sərnişinlər qatarı daşıdı.
ATV.az xəbər verir ki, Barmer dəmir yol stansiyasında qatarın mühərrikində nasazlıq yaranıb. Əraziyə cəlb edilən ustalar bildirib ki, qısa müddət ərzində nasazlığı aradan qaldırmaq mümkün deyil. Köməkçi vasitələrin isə qatarı stansiyadan uzaqlaşdırmağa gücü çatmaz. Bircə çıxış yolu var. O da qatarı itələmək.
Sərnişinlər hamı bir nəfər kimi qatarı hərəkətə gətirməyə çalışıb. Onların arasında xanımların fəallıq göstərməsi diqqət çəkib. Köməkçi vasitə və sərnişinlərin səyi nəticəsində qatar əsas yoldan çıxarılaraq köməkçi yola keçirilib.
Dəmiryol işçilərinin sözlərinə görə əgər sərnişinlərin dəstəyi olmasaydı qısa müddətdə qatarı stansiyadan çıxarmaq mümkün olmazdı. Belə olan halda digər qatarın əraziyə gəlməsi də mümkünsüz olacaqdı. Bu da dərmiryol stansiyasında sərnişin sıxlığına gətirib çıxaracaqdı. Hazırda qatardakı nasazlığın səbəbləri araşdırılır.