31 mart 2022 01:57
824

Unutqanlığımızın ağrıları

Haqlı olaraq tarixçilər milli faciələrimizin başlanğıcını torpaqlarımızın sinəsinə “çalın-çarpaq” dağ çəkən Gülüstan və Türkmənçay müqavilələri ilə bağlayırlar. 10 fevral 1828-ci il ... Azadlığı, müstəqilliyi, torpaqları silah gücünə istila olunan Azərbaycanın heç bir zaman yaddaşlardan silinməyəcək bu tarixində imzalanan Türkmənçay müqaviləsi milli azadlığımızı, ərazi bütövlüyümüzü, dövlətçiliyimizi əlimizdən almaqla bərabər, başımıza gətiriləcək sonrakı dəhşətli faciələrin təməlini də qoydu. İnsanlıq adına ləkə olan ermənilərin müxtəlif dövlətlərdən köçürülərək Azərbaycanda məskunlaşdırılması Çar Rusiyasının Qafqaz siyasətinin tərkib hissəsi kimi milli faciələrimizə rəvac verdi. Məhz o dövrdə əkilən “faciə toxumları” XX əsrdə “bar verməyə” başladı. Yuva qurmağa, yurd salmağa yer verdiyimiz ermənilər ocağımızın başında düşmən, sərvətlərimizlə bəslənən əfiyə çevrildi.

1905-1906-ci illərdə ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlar miqyası, amansızlığı ilə tariximizə qanlı hərflərlə yazıldı. Yurdlar, tarixi-mədəni abidələr dağıdıldı, on minlərlə azərbaycanlı qətlə yetirildi. Bu isə faciələrimizin ilki olsa da, sonu olmadı. Müdriklər yaxşı deyiblər ki, türkün başına nə gəlsə, ehtiyatsızlıqdan, unutqanlıqdan gələr. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gəlibdir”. Bu faciə ötdü deməyimiz, unutqanlığımız daha qanlı faciəmizə yol açdı. 1918-ci ilin mart ayının sonunda daha bir misli görünməmiş, olduqca qanlı və dəhşətli faciə yaşadıq. Qan yaddaşımıza yeni bir soyqırımı səhifəsi yazıldı. Bu soyqırımı aktı özü sübut etdi ki, ermənilər həmin qətliama çoxdan hazırlaşıblar. Nəticədə silahsız, günahsız Azərbaycan xalqı yenidən soyqırımına məruz qalmışdır. Xüsusilə 30-31 mart günləri Vətənimizin bir sıra  bölgələrində, o cümlədən Bakı, Quba, Naxçıvan, Qarabağ, Zəngəzur və Lənkəranda on minlərlə günahsız azərbaycanlıya qanlı divan tutuldu. Naxçıvan Muxtar Respublikasının Nehrəm, Yaycı, Sirab kəndlərində törədilən faciələr də kiçik olmadı. Əlbəttə, bu və digər hadisələri törədənlərin bir məqsədi var idi:Azərbaycanlıları əzəli və əbədi torpaqlarından təmizləmək və bu ərazilərdə özlərinə dövlət yaratmaq. Amma mənfur düşmən öz alçaq niyyətinə çata bilmədi. Azərbaycan xalqının düşmənə qarşı mübarizəyə qalxması və qardaş Türkiyənin yardımı ilə daşnak quldur dəstələri darmadağın edilərək torpaqlarımızdan çıxarıldı. Lakin onlar Sovet hakimiyyəti dönəmində də həmin siyasətlərini gizli-aşkar davam etdirdilər. Bolşevik rəhbərləri, Leninin təhriki, “qayğısı” ilə Zəngəzura, Göyçə-Dərələyəz mahalına yiyələnən və bundan daha da şirniklənən ermənilər xalqımızı amansız repressiya burulğanına sürükləyib deportasiyaya məruz qoydular. XX əsrin 80-ci illərinin sonlarında isə indi Ermənistan adlanan Qərbi Azərbaycandan sonuncu azərbaycanlılar da öz dədə-baba torpaqlarından zorla qovuldular. Əsrin sonlarına doğru isə ərazi iddiaları və işğalçılıq siyasəti ilə çıxış edən erməni faşizmi dəhşətli Xocalı soyqırımını törətdi.

İstər 1918-ci il mart qırğınları, istərsə də əsrin sonlarında törədilən Xocalı soyqırımının baş verməsində səriştəsiz rəhbərlərin günahı da bağışlanmazdır. Həm də ona görə ki, həmin hadisələrə vaxtında siyasi qiymət verilməsinə, dünya ictimaiyyətinə çatdırılmasına təşəbbüs göstərilməsinə əhəmiyyət verilməmişdir. Yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndərin imzaladığı fərmanlarla soyqırımı aktları, o cümlədən 1918-ci ilin mart qırğınları öz hüquqi-siyasi qiymətini aldı. Məhz Ulu Öndərin siyasi iradəsi, ardıcıl və məqsədyönlü siyasəti nəticəsində dünya xalqları xalqımızın başına gətirilmiş faciələr haqqında məlumat əldə etdi və erməni terrorizmi bəşəri dəyərlərə, insanlığa zidd hərəkət kimi ifşa olundu.

Rəşad Zülfüqarov,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru