Milli Məclisin deputatı Əliabbas Salahzadə 1918-ci ilin mart qırğınından bizləri 104 illik zamanın ayırdığını önə çəkərək bildirib ki, Azərbaycanın zəngin tarixinin səhifələrini vərəqlədikcə bir daha bu fakt açıqlanır ki, ermənilər tarixin ayrı-ayrı dövrlərində himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirmişdir: “Ermənilər yalanlarının ayaq tutub yeridiyi, yəni dünyanın Azərbaycan haqqında məlumatsız olduğu dövrlərdə özlərini “yazıq”obrazda təqdim etsələr də həqiqətlərin üzə çıxdığı 1993-cü ildən bu günədək fakt qarşısında acizlikləri ilə diqqətdədirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə qarşıya qoyulan əsas vəzifələrdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, ermənilərin əsl simasını dünya ictimaiyyətinə çatdırmaq oldu. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həqiqətlərə işıq salınmasına stimul oldu. Bir daha sübut olundu ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1918-ci ilin mart soyqırımı da əvvəlcədən düşünülmüş, planlı şəkildə hazırlanmış və qəddarlıqla həyata keçirilmiş cinayətdir.”
Əliabbas Salahzadə vurğulayıb ki, “böyük Ermənistan” xülyası ilə yaşayan, azərbaycanlılara qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub: “1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Bunlar tarixdir. Tarixi saxtalaşdırmaq isə qeyri-mümkündür. Ermənilər özlərinə saxta tarix yazıb yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışsalar da hadisələrə ən böyük dəyəri zamanın özü verdiyini çox yaxşı bilirdilər. Bu baxımdan ki, yalana əsaslanan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz. Ermənilər diasporlarının gücü sayəsində dünyanın əksər dövlətlərini öz yalanlarına inandırmağa nail olsalar da bu faktı da qeyd etməliyik ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin mövcud olduğu bir dövrdə yaşayırıq. Bəzi dünya gücləri öz maraqlarını həyata keçirmək üçün işğalçı Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən erməni sevgisini nümayiş etdirmək məcburiyyətində olduqlarını açıq-aşkar büruzə verirlər. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsini bu baxımdan həqiqət anı kimi dəyərləndirmişdir. Vətən müharibəsi kimin haqqın, ədalətin, kimin şərin yanında olduğunu açıqladı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən cənab İlham Əliyev ermənilərin əsassız torpaq iddiası nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas məsələ olduğunu önə çəkdi və buna nail oldu. Azərbaycan tarixi Qələbəsi ilə regionu, dünyanı erməni faşizmindən xilas etdi.”
Millət vəkili qeyd edib ki, soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsini böyük ehtiramla yad edir, ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirik: “Onların ruhu şaddır. 30 ilə yaxın dövrdə sahibinə qovuşacağı günü səbirsizliklə gözləyən torpaqlarımız düşmən tapdağından xilas oldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımızın bu günədək necə vəhşi ilə üz-üzə qaldığı bir daha təsdiqləndi. Ermənistan silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri soyqırımı aktlarını yada salmaq kifayətdir. Bu cinayətlər XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Diqqət çəkən əsas məqamlardan biri yenə də dünyanın ikili standartlara əsaslanan siyasəti oldu.”
Əliabbas Salahzadə erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüslərdən, atılan addımlardan geniş bəhs edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi: “Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu kimi addımlar Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, zəngin tarixə malik olmasının və ona sahib çıxmasının təqdimatlarıdır. Ümummilli Liderin “Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq” tezisi bütün dövrlərdə fəaliyyətimizin əsasında dayanmalıdır. Tariximiz bizim böyük sərvətimizdir.”