Erməni vandalların xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin 104-cü ildönümü münasibətilə LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə geniş tədbirlər planı hazırlanıb. Belə ki, plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilib, kitabxanada xüsusi guşə yaradılıb. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində soyqırımına həsr edilmiş xüsusi nömrələr buraxılıb. Həm də 31 mart tarixində keçirilən ilk dərslər bu faciəyə ilə başlandı və Lənkəran şəhərində “31 Mart Azərbaycanlıların Soyqırımı” faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi kollecin əməkdaşları tərəfindən ziyarət etdilər.
Kollecdə YAP Lənkəran rayon təşkilatı ilə birgə "Azərbaycanlıların Soyqırımı Günü" adlı birgə tədbir də keçirildi. Kollecin akt zalında baş tutan tədbirdə öncə Mart soyqırımında, 2016-cı ilin Aprel döyüşlərində, I və II Qarabağ müharibəsində şəhid olan igidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılandan sonra kollecin direktor Ruslan Həmidov çıxış etdi: “Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26–da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunubdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Soyqırımı nəticəsində 1918-ci il qırğınlarında qətlə yetirənlərin sayı on minlərlə ölçülür.
Həmin dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpağından qovmuşlar.”
Kollecin “Tarix və ictimai elmlər” f b k–nın müəllimi Aytən Kərimovaya “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar məruzəsində bildirdi ki, Ulu Öndər Heydər Əliyev xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dağıtdı, ona əsl hüquqi-siyasi qiymət verdi. Həmçinin, Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla bütün şəhidlərin, o cümlədən 1918-ci ilin mart–aprel qırğını zamanı günahsız qurbanlarının qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşilikləri heç zaman yaddan çıxartmamalı, soyqırımı qurbanlarının xatirəsini daim əziz tutmalıdır.
“Məktəbəqədər təlim və tərbiyə” ixtisasının II kurs tələbəsi Rəhimə Rzazadə çıxışında bildirdi ki, soyqırımı həqiqətlərinin dünyaya çatdırması üçün gənclərin üzərinə mühüm vəzifələr düşür, gənclər bu sahədə daha çox vətənpərvər olmalıdır . 1918-ci ilin mart–aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığı və miqyasına görə bəşər tarixində ən qanlı faciədir.
Tədbirin sonunda kollecin “Kitabxana informasiya təminatı” ixtisasının II kurs tələbəsi, TGT üzvü Ləman Quliyevanın hazırladığı “31 Mart Azərbaycanlıların Soyqırımı–104” adlı video-çarx nümayiş olundu.
Keçirilən tədbirə kollecin müəllim və tələbələrlə bərabər YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Böyükağa Axundov, eləcə digər rəsmi şəxslər qatılmışdı.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kolleci İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t. ü. f. d,
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü