31 mart 2022 16:33
1534

Binəqədi rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib FOTO

31 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi.

“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamladı və 31 mart soyqırımı ilə bağlı ətraflı tarixi arayış verdi. Bildirdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak birliyi tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır. Bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Faciə nəticəsində minlərlə insan qətlə yetirilib, işgəncələrə məruz qalıb, tarixi, mədəni və dini ocaqlarımız vəhşicəsinə dağıdılıb. Tarixin səhifələri vərəqləndikcə aşkar edilən yeni faktlar əsasında erməni vəhşiliyinin dəhşətli səhnələri üzə çıxır. Vüsar İsmayılov çıxışında qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə soyqırımı həqiqətlərinin tanıdılması üçün mühüm addımlar atılıb, “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bakı Dövlət Universitetinin professoru, Tarix elmləri doktoru Nuru Məmmədov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdi. 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırdı. O, qeyd etdi ki, daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüb. Ümumilikdə isə martın 30-31-də və aprelin 1-də Bakıda 19 min nəfər qətlə yetirilib, bir çox əhəmiyyətli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında bildirdi ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilib. Soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi və bu vəhşiliyin bütün dünyaya tanıdılması, təbliğat işlərinin aparılması məqsədilə mühüm işlər görülür, maarifləndirici tədbirlər həyata keçirilir. Hər il ölkəmizdə də müvafiq silsilə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır. Biz bu tarixi heç bir zaman unutmamalı, gələcək nəsillərimizə çatdırmalıyıq. Beynəlxalq ictimaiyyət də qətiyyətli mövqe sərgiləməli, erməni yalanlarına və qəsbkarlığına dur deməlidir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirdə yekun nitq söyləyərək beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü vurğuladı. Azərbaycan gəncliyini bu işdə daha fəal və operativ olmağa çağırıb.