31 mart 2022 21:16
4694

31 Mart soyqırımı ilə bağlı həqiqətləri nəsildən nəsilə ötürməliyik

31 Mart soyqırımı XX əsrdə Azərbaycan xalqına qarşı daşnak-bolşeviklərin qəddarcasına törətdiyi genosid cinayətidir. Onun siyasi və hüquqi motivləri daha dərin təhlilləri zəruri edir. Ona görə ki, soyqırımın əsl mahiyyətini üzə çıxarmaq və ona qiymət vermək uzun müddət sovet imperiyası rəhbərliyinin təkidi ilə yasaq edilmişdir. Güya bolşeviklərin quruculuq işlərinə müqavimət, etnik ayrı-seçkilik, xalqların qardaşlıq ideyasına qarşı təxribat kimi müxtəlif don geyindirərək sovet totalitarizmi xalqımıza qarşı törədilmiş soyqırım siyasətinin əsl mahiyyətini gizlətməyə və onu bizə unutdurmağa çalışdı.

Milli düşünclərimiz isə bu kimi hadisələrə obyektiv qiymət verdikcə imperiya öz  repressiya maşınını işə salmışdır. Beləliklə də Şaumyanın, Kirovun “qəhrəman” obrazlarının yaradılması heykəllərinin ucaldılması soyqırımın qurbanlarına çevrilmiş insanlarımızın günahsız yerə qətlə yetirilməsi kimi tarixi cinayətlərin gizlədilməsinə bilavasitə edilən cəhdlər idi. Sovet dövründə aparılan  belə siyasət xalqımıza qarşı törədilmiş bir necə soyqırımların tarixi yaddaşımızdan silinməsinə  xidmət edirdi. Lakin tarix sübut etdi ki, Azərbaycan xalqının qan yaddaşını heç nə ilə silmək mümkün ola bilməz.

1990-cı ilin 20 Yanvar hadisələrində  Sovet İmperiyasının tankları qarşısında Azərbaycan xalqının qəhərəmancasına mübarizəsi imperiyanın çürümüş simasını  sübut etdi. Xalqımız əli günahsız insanlarımızın qanına batmış “sovet qəhrəmanları” nın yaratdığı mifləri darmadağın edərək dağüstü parkda özünün əzəmətinin simvolunu əbədiləşdirən Şəhidlər xiyabanını müqəddəs and yerinə cevirdi. Müstəqilliyimizin əldə olunmasından sonra isə xalqımızın milli təfəkkürü faciələrimizə əsl siyasi qiymət verilməsi yolunda cox mühüm addımlar atılması zərurətini  tələb edirdi. Bu tarixi qiyməti Ulu Öndər Heydər Əliyevin zəkası, milli ruhu və xarizması xalqının köməyinə çatmaqla vermiş oldu. Dahi siyasi xadimin 1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” verdiyi Fərman əsl tarixi həqiqətlərin dərkinə olan zərurətin sübutu idi. Ötən illər ərzində alimlərimizin bu istiqamətdə çox böyük əməyinin olması ilə yanaşı mövcud reallıqlar onu göstərir ki, biz bundan sonra da davamlı və mütəşəkkil formada Azərbaycan həqiqətlərini nəsildən nəsilə ötürməli, onun tarixi taleyində baş verənlərin mahiyyətini aydın, sağlam təfəkkürün gücü ilə təlqin etməliyik. Bu baxımdan 2018-ci il 18 yanvar tarixdə Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” verdiyi  Sərəncam tarixi yaddaş və gələcəyə yenidən baxmaq üçün mühüm istiqamətləri qarşımıza qoyub.

İndi yeni reallıqlar göstərir ki, xalqımız  bu soyqırımı kədər hissi ilə xatırlasa da tariximizin qələbə sevinci gələcəyə nikbin hədəflərlə getməyimizi tələb edir. Cünki, Vətən uğrunda həlak olmuş şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan isə regionda və dünyada yeni reallıqlar yaradıb.

Sənan Həsənov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent