Nizami rayonundakı 229 saylı tam orta məktəbdə “Açıq dərs – Açıq fikir” layihəsi çərçivəsində bu adda tədbir keçirildi
Aprelin 4-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbin və “Missiya” Media Qrupunun tərəfdaşlığı ilə “Şuşa İli”nə və Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Könül Nurullayeva, məktəbin pedaqoji heyəti və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və jurnalistlər iştirak edirdilər.
Məktəbin foyesində keçirilən tədbirin birinci hissəsində “Missiya” Media Qrupunun redaktoru Lamiyə Rövşənqızı tədbir haqqında məlumat verərək bildirdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır: “Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin dövlət başçısı 2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bugünkü tədbirimiz də məhz bu qəbildəndir. Artıq doğma Qarabağımız işğaldan azad edilib və Xan qızı Natəvanın ruhu şaddır.”
Sonra 229 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi kompozisiya nümayiş etdirildi. Şagirdlərin əl işlərinə və Qarabağ mətbəxinin təamlarına baxış keçirildi.
Çıxış edən 229 saylı tam orta məktəbin direktoru Vüsalə Məmmədova rəhbərlik etdiyi təhsil ocağında bu tipli tədbirlərin tez-tez keçirildiyini bildirdi. O, tədbirin əhəmiyyətini qeyd edərək Qarabağ həqiqətlərinin təbliğ olunmasının və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı, şəhidlərimizə Allahdan rəhmət dilədi.
Şəhid Xudayar Yusifzadənin anası Radu Qurbanova, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. Onlar ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Həmçinin şəhid ailələrinə Allahdan rəhmət, qazilərə şəfa dilədilər.
Tədbirin ikinci hissəsi məktəbin akt zalında davam etdirildi.
Dövlət himninin səsləndirilməsindən sonra şagirdlər Xurşidbanu Natəvana həsr olunmuş bədii səhnəcik nümayiş etdirdilər.
229 saylı tam orta məktəbin şagirdləri arasında “Tək inci” bilik yarışmasının keçirilməsi ilə bağlı şərtlər açıqlandı. Münsiflər heyəti tədbir iştirakçılarına təqdim olunduqdan sonra yarışmaya start verildi. Şagirdlərə Xan qızı Natəvanın həyat və fəaliyyətinə həsr olunmuş suallar verildi.
Tədbirdə “Missiya” Media Qrupunun rəhbəri Nicat Dağlar, Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən, vandallıq aktlarından, “Şuşa İli”nin əhəmiyyətindən danışdılar.
Həmçinin tədbirdə “Missiya TV”nin Qarabağda apardığı çəkilişlər zamanı lentə alınmış erməni vəhşilikləri ilə bağlı süjet nümayiş etdirildi.
Tədbirin sonunda maraqlı mübarizə şəraitində keçən “Tək inci” bilik yarışmasının qalibləri münsiflər heyəti tərəfindən hədiyyələr və diplomla mükafatlandırıldılar.
Cavid Əkbərov, “İki sahil”