Martın 10-da Cəlilabad və Quba rayonlarının daha 2 kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Cəlilabad rayonunda keçirilən tədbirdə bildirildi ki, 367 abonenti olan Həziabad kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25548 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün qubalılar üçün daha əlamətdar olub. Belə ki, rayonun 38 abonentlik Dəhnə kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 3844 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə edilərək daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.