13 may 2022 10:44
280

FHN: Ötən sutka 14 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Səbail və Qaradağ rayonlarının ərazisində intihar məqsədilə özünü dənizə atan 2 nəfər xilas edilib.

Həmçinin, Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batmış 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində aşkarlanaraq çıxarılıb.

Bundan başqa, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.