13 may 2022 16:48
283

"Azərsu" ASC-də Dünya Bankının Azərbaycanda Su Təhlükəsizliyinin İnkişafı dəstək missiyasının üzvləri ilə görüş keçirilib - FOTO

Ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda Su Təhlükəsizliyinin İnkişafı dəstək missiyasının üzvləri ilə "Azərsu" ASC-də görüş keçirilib.

“İki sahil” xəbər verir ki, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, Cəmiyyət Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir. Belə ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçririlib. Layihəyə uyğun olaraq Şamaxı və Qəbələ şəhərlərində həm içməli, həm də tullantı su şəbəkələrinin tikintisi başa çatdırılıb, hər iki şəhərdə tullantı sutəmizləyici qurğuları istismara verilib. Saatlı və Sabirabad şəhərlərində içməli su layihələrinin icrası yekunlaşıb. Adıçəkilən şəhərlərin sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunub. Eyni zamanda Dünya Bankı Təlim və İnnovasiyalar Mərkəzinin yaradılmasına texniki dəstək göstərib.

Dünya Bankının missiya rəhbəri Smitra Misra qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanda infrastruktur layihələrinə texniki və kredit dəstəyi göstərib. Dünya Bankının nümayəndəsi sudan səmərəli istifadə, kənd yaşayış məntəqlərinin su təchizatının yaxşılaşdırılması, çirkab suların təmizlənərək təkrar istifadəsi və ümumilikdə su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib.O, bildirib ki, təmsil etdiyi qurum su ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, su sektorunda idarəçilik, institusional potensial və digər məsələlərə xüsusi diqqət ayırır.

Qeyd edək ki, missiya üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər edib, burada suyun yeni texnologiyaya uyğun emalı prosesi ilə tanış olublar.

Orxan Vahidoğlu, "İki sahil"