14 may 2022 12:08
225

İkinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb

"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

"İki sahil" xəbər verir ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 6 041 nəfər namizəddən 1 202 nəfər növbəti mərhələdə (Əyani mərhələ) iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələyə uğurla keçən namizədlərin 964-ü kişi, 238-i qadındır. Ümumilikdə növbəti mərhələyə keçən iştirakçılar arasından Bakı, Sumqayıt, Gəncə və Daşkəsən şəhərlərindən olan namizədlər üstünlük təşkil edir.

Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 744, o cümlədən, keçid balı 560 təyin edilib. Ümumilikdə isə 14 nəfər 700 baldan yuxarı bal toplayıblar.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.