16 may 2022 15:11
274

Şəmkirdə evdə yanğın baş verib

Şəmkirdə evdə yanğın olub.

Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında FHN-in “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, E.Hüseynov küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə keçmək riski çox yüksəkdir.

Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.